M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tabeliyində fəaliyyət göstərən F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru-baş dirijoru vəzifəsinə təyinat olub.

Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Mustafa Aşurov ansambla direktor-baş dirijor təyin edilib.

Mustafa Aşurov son təyinatadək Beynəlxalq Muğam Mərkəzinin nəzdində fəaliyyət göstərən S.Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.

***

Qeyd edək ki, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı respublikamızın qocaman musiqi kollektivlərindən biridir.

1936-cı ildə Üzeyir Hacıbəylinin rəhbərliyi ilə Azərbaycan Dövlət Filarmoniyasında Mahnı və rəqs ansamblı yaradılıb. Ansambla bədii rəhbər kimi Üzeyir Hacıbəylinin assistenti dirijor, xormeyster, kamança ifaçısı Qılman Salahovu təyin edilib.

1938-ci ildə Moskvada keçirilən Azərbaycan SSR mədəniyyət və incəsənət dekadasında uğurla çıxış edən ansambla dövlət statusu verilib və o, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı adlandırılıb. Azərbaycan musiqi mədəniyyətin təbliğində müstəsna xidmətlərinə görə ansambl 1958-ci ildə "Əməkdar kollektiv" fəxri adına layiq görülüb.

Müxtəlif dövrlərdə kollektivə Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Telman Hacıyev, Ramiz Mirişli kimi bəstəkarlar rəhbərlik edib. Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova, Aliyə Ramazanova, Afaq Məlikova, Kamil Dadaşov, Əlikram Aslanov, Nadir Məmmədov və başqa rəqs ustaları yetişib.

1999-cu ildən ansambla Xalq artisti Ağaverdi Paşayev rəhbərlik (bədii rəhbər və baş dirijor) edib. 2000-ci ildə A.Paşayevin rəhbərliyi ilə ansamblın nəzdində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri yaradılıb. Ansamblın xor qrupu (xormeyster Əməkdar artist Naala Baratelia) da fəaliyyət göstərir. Ansamblın repertuarını Azərbaycan və dünya xalqlarının mahnı və rəqsləri, xor əsərləri təşkil edir.

2016-cı ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 80 illik yubileyi qeyd edilib. Prezident İlham Əliyevin sərəncamı ilə milli musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bir qrup üzvünə fəxri adlar verilib.

***

Ansamblın yeni rəhbəri Mustafa Əhməd oğlu Aşurov 1991-ci ildə anadan olub. Azərbaycan Milli Konservatoriyasında (AMK) tar ifaçılığı və dirijorluq ixtisasları üzrə ali təhsil alıb. 2007-ci ildə dövlət başçısının sərəncamı ilə adı Gənc istedadların "Qızıl kitabı"na yazılmaqla Prezident təqaüdünə layiq görülüb. AMK nəzdində Musiqi Kollecində tar müəllimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində orkestr dirijoru və baş müəllim işləyib.