Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universiteti (İstanbul) arasında “Dayanıqlı şəhərsalma və regionların planlaşdırılması” ixtisası üzrə ikili diplom magistr proqramının həyata keçirilməsi barədə razılıq əldə olunub.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bununla bağlı iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumu NDU-nun rektoru Elbrus İsayev və Memar Sinan Gözəl Sənətlər Universitetinin rektoru Ahmet Sacit Açıkgözoğlu imzalayıblar.

Sənədə əsasən, tərəflər memarlıq və incəsənət sahələrində genişmiqyaslı əməkdaşlıq edəcək, birgə layihələr və akademik təşəbbüslər həyata keçirəcəklər. Bu əməkdaşlıq ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda Azərbaycan memarlıq məktəbinin görkəmli nümayəndəsi Memar Əcəminin 900 illik yubileyinin qeyd olunduğu bir dövrdə belə bir təşəbbüsün reallaşması rəmzi və tarixi məna kəsb edir.

Əməkdaşlığın əsas təşəbbüslərindən biri “Memar Əcəmi – Mimar Sinan Memarlıq Parkı” layihəsidir. Layihə Azərbaycan və Türkiyə memarlıq məktəblərinin iki görkəmli nümayəndəsi – Memar Əcəmi və Memar Sinanın irsini vahid konseptual məkanda birləşdirməyi hədəfləyir. Bu təşəbbüs ortaq tarixi-mədəni dəyərlərin memarlıq müstəvisində ifadəsinə xidmət edəcək. Sənədə əsasən, Memar Sinan Gözəl Sənətlər Universitetinin professorları NDU-ya dəvət olunacaq, memarlıq, təsviri incəsənət, şəhərsalma və fənlərarası tədqiqat istiqamətləri üzrə birgə simpoziumlar, konfranslar, sərgilər, qısamüddətli kurslar və seminarlar təşkil ediləcək.

İmzalanma mərasimində tələbə və professor-müəllim heyətinin qarşılıqlı mübadiləsi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi vurğulanıb. Bununla yanaşı, mədəni irsin qorunması, memarlıq abidələrinin mühafizəsi, ətraf mühitin idarə olunması və dizayn sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi də razılaşmada əksini tapıb.