Tarixdəki olaylar
16 fevral 1916 – I Dünya müharibəsi gedişində Qafqaz cəbhəsində hücumu davam etdirən Rusiya qoşunları Türkiyənin Ərzurum bölgəsini işğal edib. Rusiya bunadək Türkiyənin 1877–1878-ci illər müharibəsində itirdiyi Qars və Ərdəhan bölgələrinə də nəzarət edirdi. Türkiyə Birinci dünya müharibəsindən sonra (1918) hər üç bölgəni Rusiyadan geri ala bildi.
16 fevral 1992 – Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO – Economic Cooperation Organization) üzv olub. Təşkilatın Tehranda keçirilən toplantısında keçmiş SSRİ-nin daha beş respublikası – Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistan da üzvlüyə qəbul edilib. ECO 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən təsis edilib. Hazırda Əfqanıstan da daxil olmaqla 10 ölkəni birləşdirir.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
16 fevral 1845 – Amerikalı yazıçı, səyyah Corc Kennan (George Kennan; 1845 – 10.5.1924) anadan olub.
16 fevral 1913 (yeni təqvimlə 1 mart) – Xalq yazıçısı, ssenarist və dramaturq Ənvər Qafar oğlu Məmmədxanlı (1913 – 19.12.1990) Göyçayda anadan olub. “Şərqin səhəri”, “Od içində”, “Şirvan gözəli” pyeslərinin, nəsr əsərlərinin müəllifidir. “Fətəli xan”, “Leyli və Məcnun “, “Babək” filmlərinin ssenarisini yazıb.
16 fevral 1916 – Akademik, sənətşünas Əbdülvahab Rəhim oğlu Salamzadə (1916 – 19.8.1983) Şamaxıda doğulub. Azərbaycan memarlıq tarixinə dair tədqiqat əsərlərinin, “Abidələr danışır”, “Azərbaycan memarlıq abidələri” və s. kitabların müəllifidir.
16 fevral 1918 – Qəzəlxan şair, tərcüməçi Qəni Hüseynqulu oğlu Hüseynov (Həkim Qəni; 1918 – 10.6.2008) anadan olub. Məhəmməd Füzulinin qəzəllərini rus dilinə ilk tərcümə edib.
16 fevral 1925 – Görkəmli memar Zivər bəy Əhmədbəyov (1873-1925) vəfat edib. Təzəpir məscidinin layihə müəllifidir. Cümhuriyyət dövründə Bakının baş memarı olub.
16 fevral 1926 – Britaniya kinorejissoru, “Oskar” (“Gecəyarısı kovboy”, 1970) mükafatçısı Con Şlezinger (John Richard Schlesinger; 1926 – 25.7.2003) anadan olub.
16 fevral 1935 – Xalq rəssamı, heykəltaraş Fazil İmamverdi oğlu Nəcəfov (1935 – 11.7.2023) anadan olub. Görkəmli bəstəkar Qara Qarayevin Bakıda ucaldılan abidəsinin, “İçərişəhər qadınları”, “Həyatın mərtəbələri”, “Minillik insan” və s. əsərlərin müəllifidir.
16 fevral 1945 – Opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev; 20.3.1879 - 1945) vəfat edib.
Hazırladı: Vüqar Orxan






















