Şəmkir Tarix-Diyarşünaslıq Muzeyində (Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi) 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə maarifləndirici tədbir təşkil olunub.
Gənclərdə milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi, tariximizə marağın artırılması və onların muzey mühitinə daha yaxından cəlb olunması məqsədilə keçirilən tədbirdə C.Rüstəmov adına tam orta məktəbin və M.Füzuli adına məktəb-liseyin şagirdləri iştirak ediblər.
Muzeyin direktoru Günel Rzayeva çıxış edərək Azərbaycan gənclərinin cəmiyyətdə rolu, dövlətimizin gənclər siyasəti və tarixi irsimizin qorunmasının əhəmiyyəti haqqında danışıb.
Azərbaycan gənclərinin uğurları, fəallığı və ölkənin gələcəyindəki rolu xüsusi vurğulanan videoçarx nümayiş etdirilib.
Şagirdlər muzeyin ekspozisiya zalları, qədim eksponatlarla tanış olublar.
Sonda gənclər arasında fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.






















