Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv-təşkilatı) birgə layihəsi olaraq 12–14 fevral tarixlərində “İncəsənət müəllimlərinin qış məktəbi” təşkil edilib.

Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evində (paytaxtın Şüvəlan qəsəbəsində) keçirilən "qış məktəbi”ndə ölkənin müxtəlif bölgələrindən olan və attestasiyada uğurlu nəticə göstərmiş 50-dən artıq uşaq musiqi və incəsənət məktəblərinin müəllimləri iştirak edirlər.

Açılış mərasimində mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Elkiyar Ziyadov çıxış edərək layihənin əhəmiyyətini vurğulayıblar.

Mədəniyyət nazirinin müşaviri, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov da layihə iştirakçıları qarşısında çıxış edib.

İlk gün iştirakçılar üçün rəqəmsal bacarıqlar, müasir incəsənət təhsili, mədəniyyət sahəsində art-terapiya, incəsənət təhsilində beynəlxalq təcrübə və emosional dayanıqlıq texnikaları mövzularında təlimlər təşkil olunub.

Layihənin əsas məqsədi incəsənət təhsili sahəsində çalışan müəllimlərin peşəkar potensialının inkişafına dəstək vermək, təcrübə mübadiləsini gücləndirmək və tədrisin keyfiyyətinin yüksəldilməsinə töhfə verməkdir.