Fevralın 12-də Beynəlxalq Muğam Mərkəzində (BMM) “Unudulmayanlar” layihəsi çərçivəsində görkəmli xanəndə, Xalq artisti Əlibaba Məmmədovun (1930–2022) xatirə gecəsi keçirilib.
BMM-nin direktoru Əməkdar artist, Özbəkistanın Mədəniyyət elçisi Sahib Paşazadə tədbirdə çıxış edərək Əlibaba Məmmədovun Azərbaycan musiqisinin inkişafındakı xidmətlərinin əvəzsiz olduğunu söyləyib.
Qeyd olunub ki, xanəndənin ifasında “Bayatı-Şiraz”, “Dəşti”, “Şur” və digər muğamlar, eləcə də təsniflər Azərbaycan Radiosunun “Qızıl fondu”nda qorunub saxlanılır və milli musiqi xəzinəmizin dəyərli inciləri sırasında yer alır. Əlibaba Məmmədov həmçinin onlarla mahnı və təsnifin müəllifidir.
Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov bildirib ki, Əlibaba Məmmədov pedaqoq kimi çoxsaylı tələbələr yetişdirib. O, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və digər təhsil ocaqlarında çalışaraq zəngin pedaqoji fəaliyyət göstərib.
“Əlibaba Məmmədovun yaratdığı “Hümayun” xalq çalğı alətləri ansamblı ayrıca bir məktəb idi. Bu kollektiv muğam sənətinin inkişafında mühüm rol oynayıb. Onun müəllifi olduğu çoxsaylı mahnılar və muğam təsnifləri bu gün də milli musiqi xəzinəmizin dəyərli nümunələri kimi xatırlanır”, – deyə o əlavə edib.
Yazıçı-dramaturq İlqar Fəhminin aparıcılığı ilə davam edən gecədə digər çıxışçılar xanəndənin həyat və yaradıcılığından danışıblar. Bildirilib ki, Əlibaba Məmmədov Azərbaycanın görkəmli ifaçılarından bəhrələnərək muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınıb. Sənətkar istedadı və zəhmətsevərliyi sayəsində xalq musiqisinin incilərini dərindən öyrənərək öz bənzərsiz səsi ilə milli musiqi xəzinəmizi zənginləşdirib.
Xalq artisti Eyyub Yaqubov, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artistlər Sevinc Sarıyeva, İlkin Əhmədov, xanəndələr Nisbət Sədrayeva, Malik Həsənov, Murad Laçın və klarnet ifaçısı Şəmsi Məmmədovin ifalarında sənətkarın repertuarından muğam, təsnif və mahnıları səsləndirlib.
Xanəndələri BMM-nin solistlərindən ibarət instrumental heyət – tarda Rüstəm Müslümov, kamançada Əməkdar artist Toğrul Əsədullayev, qanunda Məryəm İslamova, balabanda Rafael Əsgərov, nağarada Siyavuş Kərimov, bəm nağarada Səyyar Teymurov müşayiət ediblər.

























