Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyi tərəfindən 2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə “Ulduzların işığında” silsilə tədbirlər keçiriləcək.
Agentlikdən bildirilib ki, iyulun 31-də Nizami Kino Mərkəzində Kino Günü münasibətilə təşkil olunacaq xüsusi tədbirdə milli kino sənayemizin il ərzində məhsuldar fəaliyyət göstərən təmsilçiləri mükafatlandırılacaq və yeni istehsal edilən ekran əsərləri izləyicilərə təqdim olunacaq.
Avqustun 1-də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında kino axşamı keçiriləcək. Kino Agentliyi və “Azərbaycanfilm” Kinostudiyasının birgə təşkil etdiyi tədbir çərçivəsində qonaqlar üçün kinostudiya ərazisində ekskursiya təşkil olunacaq, real çəkiliş prosesini izləmək imkanı yaradılacaq, DJ performansının müşayiəti ilə mural təqdimatından ibarət vizual proqram təqdim olunacaq. Bununla yanaşı, “Bəyin oğurlanması” və “Gün keçdi” filmlərinin açıq havada nümayişi reallaşacaq.
Regionlarda və Bakının müxtəlif yerlərində həm qapalı, həm açıq məkanlarda – kinoteatrlarda, mədəniyyət mərkəzlərində, parklarda həm yeni, həm də klassik filmlərimizin nümayişi təşkil olunacaq.
Azərbaycan Kinosu Günü münasibətilə televiziya kanalları və yerli striminq platformalarında milli filmlərimizin təbliği həftəsinin keçirilməsi planlaşdırılıb.
Avqustun 1-dən 7-dək “KinoBox” platformasında klassik Azərbaycan kinosunun unudulmaz ekran əsərlərini ödənişsiz izləmək mümkün olacaq.
Beləliklə, bütün tədbirlər əsl kino bayramı ab-havasını bəxş edəcək.






















