Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin adını yaşadan musiqi festivalı bu il də ənənəvi olaraq dahi bəstəkarın doğum günü, 18 sentyabr – Milli Musiqi Günü başlanacaq.
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 18–28 sentyabr tarixlərində ölkəmizin müxtəlif musiqi ocaqlarında davam edəcək.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası da festival çərçivəsində konsert proqramları təqdim edəcək.
Bu barədə filarmoniyadan məlumat verilib.
18 sentyabr – Milli Musiqi Günündə Gəncə Dövlət Filarmoniyası Kamera orkestrinin konserti olacaq.
Sentyabrın 22-də isə gəncəli sənətçilər Bakıya gələcəklər. Gəncə Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestri XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək.
Festivalın son günü – 28 sentyabrda Gəncə Dövlət Filarmoniyasında “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının rəngarəng repertuarlı proqramı təqdim olunacaq.





















