Tarixdəki olaylar
11 fevral 1959 – Türkiyə ilə Yunanıstan arasında Kipr adası ilə bağlı Sürix-London müqavilələri imzalanıb. Daha sonra Britaniyanın (Kiprin faktiki metropoliyası), habelə adanın yunan və türk icmalarının da imzaladığı sazişlərə əsasən, 1960-cı ildə Kiprdə iki icmanın birgə dövləti yarandı. Amma ideya az sonra iflasa uğradı və adada hərbi münaqişə başladı.
11 fevral 1992 – Erməni silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal edib. 28 il işğaldan sonra, 2020-ci ilin İkinci Qarabağ müharibəsinin yekunlarına əsasən, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətinə keçən hər iki kənd, 2023-cü ilin 19-20 sentyabrındakı lokal antiterror əməliyyatının nəticəsi olaraq Azərbaycanın suverenliyi altına qayıtdı.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
11 fevral 1900 – Alman filosofu Hans-Georq Qadamer (Hans-Georg Gadamer; 1900 – 13.3.2002) anadan olub.
11 fevral 1914 – Xalq artisti Rəmziyyə Osman qızı Veysəlova (1914 – 23.8.1993) Bakıda doğulub. Gəncə Dövlət Dram Teatrının aktrisası olub.
11 fevral 1920 – Əməkdar elm xadimi, ədəbiyyatşünas, AMEA-nın müxbir üzvü Əziz Mirfeyzulla oğlu Mirəhmədov (1920 – 30.8.2002) Bakıda anadan olub.
11 fevral 1929 – Əməkdar elm xadimi, tarixçi Tofiq Qasım oğlu Köçərli (1929 – 31.10.2007) anadan olub.
11 fevral 1930 – Mədəniyyət xadimi, Prezident təqaüdçüsü Gülara Cəfər qızı Cabbarlı (1930–2018) Bakıda anadan olub. C.Cabbarlının Bakıdakı ev-muzeyinin direktoru işləyib.
11 fevral 1950 – Tanınmış pianoçu, bəstəkar Cahangir Mürsəl oğlu Qarayev (1950 – 15.1.2013) Bakıda anadan olub. Fortepiano üçün əsərlərin müəllifdir. Bakı Musiqi Akademiyasında dərs deyib.
11 fevral 1981 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sənani (Möhsün Sadıq oğlu Cəfərov; 19.6.1900 – 1981) vəfat edib.
Hazırladı: Vüqar Orxan






















