“Kinematoqrafiya haqqında” Qanun 1998-ci ildə qəbul edilib və hazırkı milli və beynəlxalq çağırışlar, eyni zamanda, bir sıra yeni parametrlərə görə müasir tələblərə cavab vermir. Bu baxımdan yeni qanun layihəsinin qəbul edilməsi kino sahəsində yüksək dinamikanın qorunmasına, həmçinin beynəlxalq səviyyədə milli filmlərimizin təqdim olunmasına, ölkəmizdə xarici film istehsalının təşviq edilməsinə çox böyük təkan verəcək.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bu sözləri Milli Məclisin fevralın 10-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, 2025-ci ildən Prezidentin müvafiq Sərəncamı ilə ölkəmizdə xarici istehsalçılar tərəfindən istehsal olunan filmlərin çəkiliş xərclərinin qaytarılması mexanizmi işə düşüb. Bu da iqtisadi və sosial baxımdan xarici filmlərin, xüsusilə də böyük platformalarda əks olunan xarici filmlərin ölkəmizə gətirilməsində mühüm rol oynayacaq. Hazırkı qanun layihəsində də bu məsələ öz əksini tapıb.
“Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən son illərdə bir sıra tarixi filmlər çəkilib. Hazırda da, Azərbaycan dövlətçiliyinin müxtəlif dövrlərinə aid filmlərinin çəkilişi davam edir”, – deyə nazir müavini vurğulayıb.
***
Milli Məclisin iclasında "Kinematoqrafiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
Qanun layihəsi ölkəmizdə kino istehsalı sahəsində hüquqi tənzimləməni müasir beynəlxalq təcrübəyə uyğunlaşdırmaq, anlayışları dəqiqləşdirmək, dövlət dəstəyinin institusional mexanizmlərini genişləndirmək və kino industriyası üçün investisiya cəlbediciliyini artırmaq məqsədi daşıyır.
Sənəd layihəsində sahə üzrə anlayışların genişləndirilməsi və dəqiqləşdirilməsi nəzərdə tutulub. Layihə ilə Qanunun 1-ci maddəsinə “milli film”, “xarici film”, “birgə istehsal filmi”, “film istehsalı”, eləcə də film istehsalının mərhələlərini (hazırlıq, çəkiliş, tamamlanma) əhatə edən anlayışlar əlavə edilir.
Həmçinin “yerli prodüser” və “xarici prodüser” anlayışları ayrıca müəyyən edilib. Qeyd olunan dəyişiklik hüquqi münasibətlərdə subyektlərin statusunu dəqiqləşdirəcək, dövlət dəstəyi və təşviq mexanizmlərinin tətbiqi zamanı şəffaflığı artıracaq. Eyni zamanda, Qanunda istifadə edilmiş “müştərək çəkilmiş film” anlayışının “birgə istehsal edilmiş film” anlayışı ilə əvəz edilməsi beynəlxalq hüquqi terminologiya ilə uyğunluq yaradır və normativ-hüquqi aktın dil və üslub baxımından təkmilləşdirilməsinə səbəb olur.
Qanunun 3-cü maddəsinə edilən dəyişikliklə xarici prodüserlərin Azərbaycan ərazisində film istehsalına cəlb edilməsi dövlət siyasətinin ayrıca istiqaməti kimi təsbit olunur. Bu, ölkənin beynəlxalq kino bazarına inteqrasiyasına və mədəni diplomatiyanın inkişafına xidmət edir.
Qanunun 13-cü maddəsinə əlavə edilən müddəalarla xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclərin həmin Qaydalara uyğun olaraq qismən geri ödənilməsi Qanunda əks olunur. Bu mexanizm bir çox ölkələrdə uğurla tətbiq olunan maliyyə təşviqi vasitəsi olmaqla, xarici investisiyaların cəlb edilməsinə, yerli xidmət sektorunun inkişafına və yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərir.
Layihənin qəbul edilməsi nəticəsində Azərbaycanda kinematoqrafiya sahəsində hüquqi tənzimləmə təkmilləşdiriləcək. Bu beynəlxalq və birgə istehsal layihələrinin sayının artmasına, ölkənin kino sənayesinə xarici maliyyənin cəlbinə, Azərbaycanın mədəni və yaradıcı potensialının beynəlxalq səviyyədə tanıdılmasına imkan yaradacaq. Eyni zamanda, dövlət və özəl sektor arasında əməkdaşlıq imkanları da genişlənəcək.



















