Melody School incəsənət mərkəzinin təşkilatçılığı və Leyla Eminovanın rəhbərliyi ilə Kapellhaus – Alman Mədəniyyət Mərkəzində Gənclər Gününə həsr olunmuş “Music in the Light of Candles” adlı konsert keçirilib.

Şam işığında baş tutan musiqili gecə gənc ifaçıların yaradıcılıq enerjisini və musiqiyə olan sevgisini nümayiş etdirərək tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsertdə Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Aygün Muradova, müəllimlər Səbinə Məsimova, Nihad Məmmədov, Ləman Məmmədova və Elmin İbrahimov, həmçinin Melody School-un istedadlı şagirdləri çıxış ediblər.

Konsertin açılış ifası Səbinə Məsimova və Leyla Eminova tərəfindən təqdim olunub. Proqramda Ayan Abbaslının ifasında “Portofino”, Elmin İbrahimovun ifasında Tofiq Quliyevin “Lirik mahnı”, Ləman Məmmədova və tələbəsinin iki gitarada ifasında “İntizar”, skripkada müəllim Səbinə Məsimova və pianoda şagirdin ifasında P. Çaykovskinin “Qu gölü” baletindən parça, Leyla Eminovanın şagirdi ilə ifasında Vasif Adıgözəlovun “Kiçik marş”ı səsləndirilib.

Nihad Məmmədovun tələbəsiylə birlikdə gitara və kamança popurisi tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

Həmçinin “Laçın” Azərbaycan xalq mahnısı, L.Einaudinin “Experience”, “Nuvole Bianche” və F.Şopenin a moll valsı ifa olunub.

Musiqili gecə Aygün Muradova və Leyla Eminovanın fortepiano üçün 4 əlli “Libertango” ifası ilə yekunlaşıb.

Tədbirin əsas məqsədi gənc ifaçıların səhnə təcrübəsini artırmaq və musiqi mədəniyyətini təbliğ etmək olub.

Sonda iştirakçılara təşəkkürnamələr təqdim olunub.