İncəsənət təhsili sahəsində aparılan islahatlar çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsi, eləcə də Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan təhsilverənlərin peşə səriştə və bacarıqlarının qiymətləndirilməsi məqsədilə 2026-cı il fevral ayının 10-dan etibarən attestasiyanın növbəti mərhələsi başlanır.
Xatırladaq ki, 2025-ci ildə prosesin I mərhələsi yekunlaşıb. Bakı şəhəri, Abşeron-Xızı, Quba-Xaçmaz, Şirvan-Salyan və Mil-Muğan regionları üzrə keçirilən attestasiyada 4000-ə yaxın müəllim iştirak edib, onların əksəriyyəti tutduqları vəzifəyə uyğun hesab edilib.
2026-cı il ərzində keçiriləcək attestasiyanın II mərhələsində 9 region üzrə 57 inzibati ərazidə fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərində təhsilverənlərin attestasiyasının aparılması planlaşdırılır.
Attestasiya aşağıdakı bölgələri əhatə edəcək:
Mərkəzi Aran (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları)
Gəncə-Daşkəsən (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları)
Lənkəran-Astara (Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonları)
Qarabağ (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları)
Şərqi Zəngəzur (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları)
Şəki-Zaqatala (Şəki, Balakən, Qax, Qəbələ, Oğuz və Zaqatala rayonları)
Qazax-Tovuz (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları)
Dağlıq Şirvan (İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonları)
Naxçıvan Muxtar Respublikası (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları)



















