Fevralın 9-da Beynəlxalq Muğam Mərkəzində dahi özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin (1441–1501) anadan olmasının 585 illiyinə həsr edilən ədəbi-bədii gecə keçirilib.
Yazıçı-dramaturq İlqar Fəhminin aparıcılığı ilə keçən gecədə bildirilib ki, Əlişir Nəvai biri-birindən gözəl, lirik-romantik, realist-tarixi, ədəbi-bədii, fəlsəfi-təsəvvüf və elmi-nəzəri əhəmiyyətə malik ölməz əsərlər müəllifidir kimi dünya klassikləri sırasında özünəməxsus yer tutur.
Şərq ədəbiyyatında dörd “Xəmsə” müəllifindən biri və türkcə (özbək türkcəsi) ilk “Xəmsə”nin yaradıcısı Əlişir Nəvai özbək ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi ən qüdrətli simalardan biridir. Əlişir Nəvainin əsərlərində Türk dünyası xalqlarının ədəbiyyatı, mənəvi dəyərləri geniş və dərin şəkildə öz əksini tapır.
Vurğulanıb ki, Nəvainin “Xəmsə”si yalnız özbək ədəbiyyatında deyil, bütün türkdilli xalqlar ədəbiyyatında ana dilində ilk “Xəmsə” kimi çox qiymətlidir. Nəvai yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə də yaxından bağlıdır. O, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvini özünün böyük müəllimi hesab edirdi. Nəvainin əsərləri bir sıra xalqların dillərinə tərcümə olunub, əlyazmaları dünyanın ən iri kitabxanalarında mühafizə olunur.
Elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə Əlişir Nəvainin qəzəlləri ilə muğamlar ifa olunub.
Gecədə xanəndələr Sərxan Bünyadzadə, Elgiz Əliyev, Nisbət Sədrayeva, Aytac Bəybalayeva və Rəvan Qaçayev çıxış ediblər.
Bədii qiraətçilər Hüseynağa Aslanov və Səmray Əliyeva şairin ədəbi nümunələrindən parçalar səsləndiriblər.























