Tarixdəki olaylar
10 fevral 1763 – Britaniya, Portuqaliya, Fransa və İspaniyanın iştirak etdiyi “Yeddiillik müharibə” (1756–1763) başa çatıb. Paris sülh müqaviləsinin şərtlərinə əsasən, Fransa Kanada üzərində idarəçiliyi Britaniyaya, Kubanı isə İspaniyaya verib. Öz növbəsində Britaniya Filippini İspaniyaya güzəştə gedib, əvəzində Floridanı (ABŞ-nin gələcək ştatı) əldə edib.
10 fevral 1828 – Rusiya ilə İran arasında müharibənin (1826–1828) yekunlarına dair Türkmənçay müqaviləsi bağlanıb. Təbriz yaxınlığındakı Türkmənçay kəndində Rusiya tərəfdən general İvan Paskeviç, İran tərəfdən şahzadə Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilib. Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi başa çatıb. Bundan öncə Gülüstan müqaviləsi (12 oktyabr 1813-cü il) ilə Şimali Azərbaycanın digər xanlıqları Rusiyaya birləşdirilmişdi.
10 fevral 1998 – Azərbaycanda ölüm hökmü ləğv edilib. Prezident Heydər Əliyevin təqdim etdiyi qanun layihəsi Milli Məclisdə qəbul olunub. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra ölüm hökmlərinin icrasına moratorium qoyulmuşdu. Azərbaycan müsəlman ölkələri arasında birinci olaraq bu addımı atdı.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
10 fevral 1890 – Rus şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1958) Boris Leonidoviç Pasternak (1890 – 30.5.1960) anadan olub.
10 fevral 1898 – Alman dramaturqu, rejissor və teatr nəzəriyyəçisi Bertold Brext (Eugen Berthold Friedrich Brecht; 1898 – 14.8.1956) anadan olub.
10 fevral 1918 – Yazıçı Cəmşid Cabbar oğlu Əmirov (1918 - 29.12.1982) Naxçıvan şəhərində anadan olub. Detektiv əsərlərin müəllifidir: “Brilyant məsələsi”, “Sahil əməliyyatı” (əsər əsasında “İstintaq davam edir” filmi çəkilib) və s.
10 fevral 1927 – Ədəbiyyatşünas, Əməkdar elm xadimi Cahangir Vahid oğlu Qəhrəmanov (1927–1995) Qəbələdə doğulub.
10 fevral 1928 – Əməkdar artist, vokalçı Cavanşir Qafarağa oğlu Qafarov (1928–1994) Gədəbəydə anadan olub. Opera və Balet Teatrında çalışıb.
10 fevral 1931 – Tanınmış müğənni Anatollu Mirzə Heydər oğlu Qəniyev (1931 – 1.10.1985) Neftçala rayonunda doğulub. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
10 fevral 1938 – Şair, publisist Ramiz Duyğun (Ramiz Məmməd oğlu Məlikov; 1938 – 19.6.2025) Sabirabad rayonunun Güdəcühür kəndində doğulub. Azərbaycan Televiziyasında "Hünər" hərbi-vətənpərvərlik verilişinin aparıcısı olub.
10 fevral 1959 – Filologiya elmləri doktoru, mətnşünas Paşa Əli oğlu Kərimov (1959 – 25.1.2024) Bakıda doğulub. AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini olub.
10 fevral 2021 – Əməkdar artist, aktyor Əlican Süleyman oğlu Əzizov (13.2.1952 – 2021) vəfat edib.
Hazırladı: Vüqar Orxan
























