Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi milli-mədəni irsimizin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi üçün böyük əhəmiyyət daşıyır. Sərəncamda qeyd edildiyi kimi, tarixi İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynayıb.
Belə zəngin və çoxdövrlü irs nümunələrindən biri Ağstafa rayonundakı “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğudur. Qoruq ərazisindəki qədim yaşayış məskənləri, ilkin planlaşdırma elementləri və memarlıq izləri regionun şəhərsalma tarixinin öyrənilməsi baxımından dəyərli mənbə hesab olunur.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində "Keşikçidağ" qoruğunun yerləşdiyi Ceyrançöldə, qoruğa məxsus informasiya mərkəzində ağacəkmə aksiyası keçirilib. Aksiya “Keşikçidağ” qoruğu ilə və “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun (Qazax rayonu) birgə təşkilatçılığı ilə gerçəkləşib.
"Keşikçidağ" qoruğundan verilən məlumata görə, aksiya qədim yaşayış sahələrinin yerləşdiyi ərazilərdə ekoloji tarazlığın bərpası, təbii landşaftla memarlıq irsi arasında tarixi harmoniyanın qorunması və mədəni irsin davamlı inkişaf prinsipləri əsasında yaşadılması məqsədi daşıyır.
Hər iki qoruq əməkdaşlarının iştirakı ilə 300-dən çox badam tingi əkilib.
Ağacəkmə aksiyası yalnız ekoloji təşəbbüs deyil, eyni zamanda mədəni irsin qorunmasına məsuliyyətli yanaşmanın, təbiət və memarlıq irsinin vəhdətinin real nümunəsidir. Bu cür tədbirlər tarixlə müasirliyin uzlaşdırılmasına, mədəni irsin ekoloji mühitlə birgə qorunmasına və cəmiyyətin bu sahədə maarifləndirilməsinə mühüm töhfə verir.























