Azərbaycan Milli İncəsənət Muzeyinin 90 illiyinə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində “Xalq rəssamı Kazım Kazımzadənin həyat və yaradıcılığı” adlı mühazirə keçirilib.
Bu barədə muzeydən məlumat verilib.
Mühazirə K.Kazımzadə irsinin tədqiqatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Sevil Kərimova tərəfindən təqdim olunub.
Azərbaycan Milli İncəsənət Muzeyinə 50 ilə yaxın rəhbərlik etmiş Kazım Kazımzadənin Azərbaycan təsviri sənətində yeri, zəngin yaradıcılığı, əsərlərinə xas bədii üslub xüsusiyyətləri və milli incəsənətin inkişafına verdiyi töhfələr elmi-nəzəri aspektdən təhlil olunub. Sənətkarın fədakar muzey xadimi kimi gördüyü işlər haqqında ətraflı bəhs edilib.
Tədbirin sonunda K.Kazımzadənin oğlu Aydın Kazımzadə çıxış edərək muzeyin 90 illik yubileyi çərçivəsində keçirilən tədbirləri yüksək qiymətləndirib. O, muzeyin tarixində dərin iz qoymuş şəxsiyyətlər haqqında belə tədbirlərin keçirilməsini mədəni irsin yaşadılması və peşəkar təcrübənin paylaşılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
























