Naxçıvan Dövlət Universiteti (NDU) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq görüşü keçirilib.
NDU-dan verilən məlumata görə, əvvəlcə qonaqlar universitetin kampusu ilə tanış olub. UNEC heyəti NDU-da Naxçıvan innovasiya mərkəzi, Pedaqoji fakültədə fəaliyyət göstərən Texnologiya mərkəzi, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində fəaliyyət göstərən Biotexnologiya mərkəzi, Tibb fakültəsinin sitologiya, anatomiya kabinələri, Stomatoloji simulyasiya mərkəzi, NDU-nun tələbə yataqxanası, qonaq evi və elmi kitabxanasını gəzərək tədris infrastrukturu, elmi tədqiqat imkanları və tələbələr üçün yaradılan şəraitlə yaxından maraqlanıblar.
NDU-nun İncəsənət fakültəsində keçirilən tədbirdə rektor Elbrus İsayev çıxış edərək qonaqlara universitetin tarixi, fəaliyyəti, inkişafı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, 1967-ci ildə əsası qoyulan Naxçıvan Dövlət Universiteti Naxçıvan Muxtar Respublikasının kadr potensialının təmin olunmasına, sosial inkişafına, ixtisaslı mütəxəssislərin yetişdirilməsinə mühüm töhfələr verir. Rektor universitetin il ərzində qazandığı uğurlardan, elmi tədqiqat, təlim-tədris, beynəlmiləlləşmə sahələrində əldə etdiyi nailiyyətlərdən bəhs edib. 2025-ci ildə 252 nəfərin işə qəbulu ilə NDU-nun Naxçıvanda ən çox işəgötürən müəssisə olduğunu vurğulayıb.
UNEC-in rektoru Ədalət Muradov çıxışında görüşdən məmnunluğunu bildirib, rəhbərlik etdiyi ali təhsil müəssisəsinə dair məlumatları bölüşüb, elmin inkişafı üçün atılan addımlardan danışıb. UNEC-in “Elmin populyarlaşdırılması” layihəsindən bəhs edərək bu layihənin elmin cəlbediciliyini və gənc nəslin elmə marağının artırılması məqsədi daşıdığını qeyd edib. Azərbaycan alimlərinin, onların kitablarının cəmiyyətə tanıdılmasının da əsas missiyalardan biri olduğunu vurğulayıb. Ədalət Muradov NDU haqqında təəssüratından danışıb. “Naxçıvan Dövlət Universiteti, həqiqətən də, böyük uğurlara imza atan universitetdir”,- deyə qeyd edib.
Sonra Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda hər iki universitetin elektron kitabxanalarının inteqrasiyası, ortaq tədqiqatların aparılması əksini tapıb.
UNEC-in rektoru Ədalət Muradov kitabxanaların inteqrasiyasının ilk belə təşəbbüs olmasını vurğulayıb, ortaq tədqiqatların aparılmasının universitetlər arasında elmi əməkdaşlığa ciddi təkan verə biləcəyini qeyd edib.
Tədbirin qonaqlarından ADPU-nun prorektoru, professor Mahirə Nağıqızı yenidən NDU-da olmaqdan məmnunluğunu bildirib, hər iki rektoru təbrik edərək UNEC ilə NDU arasında imzalanan əməkdaşlıq müqaviləsini mühüm addım kimi dəyərləndirib. O, Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı fərmanını diqqətə çatdırıb, Azərbaycan dilinin saflaşdırılması, bu sahədə mövcud problemlər və onların həlli yolları, həmçinin milli-mənəvi dəyərlərin qorunmasından danışıb.
Akademik Muxtar İmanov çıxışında “Elmin populyarlaşdırılması” layihəsinin əhəmiyyətindən bəhs edərək bu layihənin elmin kütləviləşdirilməsində oynadığı roldan bəhs edib.























