Tarixdəki olaylar 

 

5 fevral 1991 – 12-ci çağırış Ali Sovetin ilk iclasında Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul olunub. Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilib. Bundan öncə, 1990-cı ilin 17 noyabrında üçrəngli bayraq Naxçıvan Ali Məclisində qəbul olunmuşdu.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

5 fevral 1810 – Norveç milli musiqi məktəbinin banilərindən biri, bəstəkar, skripkaçı Ule Bull (Ole Borneman Bull; 1810 – 17.8.1880) anadan olub.

 

5 fevral 1914 – Amerika yazıçısı Vilyam Stüard Berrouz (William Seward Burroughs; 1914 – 2.8.1997) anadan olub.

 

5 fevral 1918 – Böyük bəstəkar, pedaqoq, akademik, SSRİ Xalq artisti, dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Qara Əbülfəz oğlu Qarayev (1918 – 13.5.1982) anadan olub. “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri, simfoniyalar, “Don Kixot” simfonik qravürü, “Leyli və Məcnun” simfonik poeması, digər musiqi əsərlərinin müəllifidir. “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Nizami” və s. filmlərə musiqi yazıb. 30 ilə yaxın Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib.

 

5 fevral 1923 – Əməkdar artist, tarzən Baba Əliheydər oğlu Salahov (1923 – 12.8.1981) anadan olub. Azərbaycan Televiziyası və Radiosunun “Araz” Xalq çalğı alətləri ansamblı sənətkarın adını daşıyır.

 

5 fevral 1930 – Xalq artisti, görkəmli xanəndə Əlibaba Balaəhməd oğlu Məmmədov (1930 – 25.2.2022) Bakının Maştağa kəndində doğulub. Milli muğam sənətinin inkişafına dəyərli töhfələr verib, mahnı və təsniflərin müəllifidir.

 

5 fevral 1939 – Xalq yazıçısı, dramaturq, ssenarist, Dövlət mükafatı laureatı Rüstəm Məmməd İbrahim oğlu İbrahimbəyov (1939 – 11.3.2022) Bakıda anadan olub. 30-dan çox filmin (“Səhranın bəyaz günəşi”, “Ad günü”, “İstintaq”, “Özgə ömür”, “Ölsəm... bağışla” və s.) ssenari müəllifidir. Pyesləri teatrlarda tamaşaya qoyulub.

 

5 fevral 1942 – Teatr xadimi Ağakərim Səftər oğlu Şərifov (1895-1942) vəfat edib. C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin yaradıcısı və direktoru olub. Bakı Teatr Məktəbində dərs deyib, milli teatr tarixinə dair kitabın müəllifidir.

 

5 fevral 1963 – Əməkdar artist, Dövlət mükafatı laureatı Münəvvər Səməd qızı Kələntərli (21.12.1912 – 1963) vəfat edib. 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb, Opera və Balet, Musiqili Komediya teatrlarında çalışıb. “Arşın mal alan” (1945), “Bəxtiyar”, “Görüş”, “O olmasın, bu olsun” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

Hazırladı: Vüqar Orxan