Fevralın 3-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.

İnstitutun elmi katibi tarix üzrə fəlsəfə doktoru, dosent Aynur Hacıqədirli tədbiri açaraq iştirakçıları 2 fevral – Gənclər Günü münasibətilə təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə təsis edilən bu əlamətdar gün gənclər siyasətinin dövlətimizin inkişafının əsas istiqamətlərindən biri olduğunu bir daha sübut edir.

Gəncləri gələcəyin memarı adlandıran alim süni intellektin inkişaf etdiyi bir dövrdə institutun gənc tədqiqatçılarına qarşıya qoyduqları məqsədə nail olmaq üçün sistemli şəkildə işləməyi, intensiv tədqiqat aparmağı tövsiyə edib.

Əlyazmalar İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri Səadət Mustafayevanın “Azərbaycanın elmi inkişafında gənc nəslin rolu”, şuranın katibi Nərgiz Mustafazadənin “Prezidentin gənclər siyasəti” və Biblioqrafiya şöbəsinin baş mütəxəssisi Gülnarə Ağayevanın “Süni intellekt və gənc alimlər: müasir çağırışlar və imkanlar” mövzularında məruzələri dinlənilib.

Tədbir institutun Gənc alim və mütəxəssislər şurasının hesabat-seçki iclası ilə davam edib. Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin əməkdaşı Günel Şakirli şuranın yeni sədri seçilib.