Azərbaycanın görkəmli rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyi ilə bağlı Mədəniyyət Nazirliyinin sifarişi əsasında istehsal olunmuş “Cənnət yuxusu” bədii-sənədli filmi fevralın 2-də Şəkidə nümayiş etdirilib.

Şəki Dövlət Dram Teatrında keçirilən tədbirdə rəsmilər, ictimaiyyətin nümayəndələri, mədəniyyət işçiləri və filmin yaradıcı heyətinin üzvləri iştirak ediblər. 

Xatırladaq ki, 2025-ci ildə ərsəyə gələn filmin ssenari müəllifi Yavər Rzayev, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Ruslan Ağazadə, quruluşçu rəssamı Səbuhi Atababayevdir. Musiqi tərtibatında görkəmli bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun "Zabul-Segah" simfonik muğamından istifadə edilib.

Azərbaycan təsviri sənətində dəzgah (panel) rəssamlığının əsasını qoymuş Mirzə Qədim İrəvaninin (1825-1875) həyat və yaradıcılığından bəhs edən ekran əsərində qədim İrəvan şəhərinin tarixi və mədəni irsi də diqqətə çatdırılır.

Filmdə rəssamın Azərbaycan təsviri sənətinə gətirdiyi yeniliklər, klassik Şərq ornamentləri və miniatür sənətini yaradıcılığında necə tətbiq etməsi sənədli və bədii dillə tamaşaçılara təqdim edilir. Bununla yanaşı, filmdə İrəvan ziyalılarının mədəni mirası və azərbaycanlıların Ermənistan ərazisindən deportasiyası tarixi faktlar və arxiv materialları əsasında işıqlandırılır.

Filmin nümayişində məqsəd tamaşaçıların milli irsimiz və mədəniyyət tariximiz barədə maarifləndirilməsi, eləcə də Mirzə Qədim İrəvaninin yaradıcılığının geniş auditoriyaya çatdırılması olub.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək filmin yaradıcı kollektivinə təşəkkür edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.

Qeyd edək ki, filmin bir sıra çəkilişləri Şəki şəhərində həyata keçirilib, ekran əsərində yerli aktyorlar və şəhər sakinləri də iştirak ediblər.