Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Türkiyəyə işgüzar səfər edib.
BSU-dan bildirilib ki, səfərin əsas məqsədi qardaş ölkənin aparıcı ali təhsil müəssisələri ilə akademik, elmi və innovativ əməkdaşlığın genişləndirilməsi, inklüziv və xüsusi təhsil sahəsində təcrübə mübadiləsinin aparılması olub.
Səfər çərçivəsində BSU-nun rektoru Anar Nağıyev Ankara şəhərindəki Heydər Əliyev parkında Ümummilli liderin abidəsini ziyarət edib.
Rektor Türkiyə Cümhuriyyəti Prezident Kitabxanasının fəaliyyəti ilə tanış olub və fonda Azərbaycana dair nəşrlər hədiyyə edib.
Anar Nağıyev Ankara Universitetinin rektoru Necdet Ünüvar ilə görüş keçirib, mövcud əməkdaşlıq çərçivəsində əlaqələrin genişləndirilməsi, ikili diplom proqramları, tələbə və müəllim mübadiləsi məsələlərini müzakirə edib, universitetin Süni İntellekt İnstitutu və Texnoloji transfer ofisinin fəaliyyəti ilə tanış olub.
BSU rektorunun Ankaradakı Hacettepe Universitetinin rektoru Mehmet Cahit Güran ilə görüşündə akademik əməkdaşlığın genişləndirilməsi və birgə təhsil proqramlarının icrası istiqamətində fikir mübadiləsi aparılıb. Təhsil elmləri fakültəsinin tədris modelləri və inklüziv təhsil təcrübələri ilə tanışlıq olub. Xüsusi təhsil üzrə birgə magistr proqramının hazırlanması perspektivləri müzakirə edilib. Həmçinin Hacettepe Universiteti Teknopark mərkəzinin rəhbərliyi ilə tələbə və məzunların startap layihələrinə cəlb olunması, innovasiya mühitində iştirak imkanları müzakirə olunub.
Yunus Emre İnstitutunun rəhbəri Abdurrahman Aliy ilə görüşdə isə BSU-da türk dili və ədəbiyyatı üzrə tədris vəsaitlərinin təminat və Türkiyədə Azərbaycan dilinin tədrisi məsələlərinə toxunulub.
Rektor Türk Əməkdaşlıq və Koordinasiya Agentliyində (TİKA) də olub, inklüziv təhsil sahəsində birgə layihələrin əhəmiyyətini vurğulayıb.
Ankara Sosial Bilimlər Universitetinin rəhbərliyi ilə görüşdə sosial innovasiyalar, elmi-tədqiqat və universitet–sənaye əməkdaşlığı sahəsində mümkün tərəfdaşlıqlar nəzərdən keçirilib.
İşgüzar səfər çərçivəsində rektor Ankarada fəaliyyət göstərən xüsusi təhsil müəssisələrini ziyarət edib, autizm spektrli uşaqlar üçün tətbiq olunan təhsil modelləri ilə tanış olub.
Səfərin mühüm nəticələrindən biri isə BSU ilə Ankara Qazi Universiteti arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan anlaşma memorandumunun imzalanması olub. Memorandumu rektorlar Anar Nağıyev və Uğur Ünal imzalayıblar.























