Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında lirik və emosional çalarlarla zəngin konsert proqramı təqdim olunub.
Musiqi axşamında Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Bakı Kamera Orkestri çıxış edib.
Proqramda P.Çaykovskinin “Elegiya”, S.Barberin simli orkestr üçün “Adagio”, E.Elgarın simli orkestr üçün serenada, (op. 20), C.Nielsenin "Kiçik süita” (op. 1, üç hissədə) və R.Ştrausun vokal və simli orkestr üçün “Səhər” (op. 27) əsəri səslənib.
Konsertin solisti istedadlı vokalçı İslama Abdullayeva olub.
Dirijor Fuad İbrahimov çıxış edərək proqramda yer alan əsərlər haqqında məlumat verib. O, orkestrin musiqiçilərinin gənc olmasına baxmayaraq, bu qədər dərin emosional məzmunlu proqramı böyük ustalıqla və yüksək peşəkarlıqla təqdim etməsini yüksək dəyərləndirib.
Konsert proqramı böyük maraq və alqışlarla qarşılanıb.
























