Yanvarın 30-da Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Dostluğun süfrəsi: Anadolu səhər yeməyi görüşü” təşkil olunub.

Anadolunun zəngin səhər yeməyi ənənəsini əks etdirən proqramda paylaşma, qonaqpərvərlik və söhbət mədəniyyətinin önəmi vurğulanıb. Anadolu səhər yeməyinin tarixi və mədəni zəmini aşpaz təqdimatı ilə iştirakçılara çatdırılıb.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer çıxış ediblər.

Səfir Birol Akgün çıxışında Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın mədəni aspektlərinə diqqət çəkib. Bildirib ki, “Bir millət, iki dövlət” prinsipi əsasında hərəkət edən Azərbaycan və Türkiyə siyasət, iqtisadiyyat, diplomatiya və digər sahələrdə vahid mövqedən çıxış edir. Bu birlik isə ortaq dəyərlərimizin və qarşılıqlı etimadın bariz nümunəsidir.

Diqqətə çatdırılıb ki, Bakı Yunus Əmrə İnstitutu Türkiyə ilə Azərbaycan arasında mədəni qarşılıqlı əlaqələrin gücləndirilməsinə yönəlmiş fəaliyyətlərini davam etdirir. Anadolunun zəngin mətbəx mədəniyyəti ilə bağlı təqdimat da bu qəbildəndir.

Birol Akgün 2026-cı ilin həmçinin Birinci Türkoloji Qurultayın (1926) 100 illiyi ilə əlamətdar olduğunu, bu münasibətlə müxtəlif tədbirlər və proqramların həyata keçiriləcəyini də diqqətə çatdırıb: "Bu il dil və mədəniyyət sahəsində ortaq irsimizin ön plana çıxarılması, eləcə də ortaq əlifba məsələsi ilə bağlı siyasi iradənin ifadə olunması baxımından son dərəcə əlamətdar bir dövrdür. Türk dünyasının müxtəlif ölkələrindən olan alim və mütəxəssislərin iştirakı ilə mühüm elmi və mədəni platforma formalaşacaq".