Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kafedr müdiri, fəlsəfə elmləri doktoru Mübariz Süleymanlı tərəfindən görkəmli ictimai-siyasi xadim, mütəfəkkir və yazıçı Əhməd bəy Ağaoğlunun müəllifi olduğu bir sıra kitablar Azərbaycan İstiqlal Muzeyinə hədiyyə edilib.
Muzeydən bildirilib ki, “Mədəni xeyriyyəçilik” layihəsi çərçivəsində təqdim olunan nəşrlər sırasına Əhməd bəy Ağaoğlunun “İslama görə və islamiyyətdə qadın”, “Şiə dinində məzdəki inancları”, “İslamda qadın”, “Sərbəst insanlar ölkəsində”, “İxtilalmı, inqilabmı?” “Könülsüz olmaz”, “İngiltərə və Hindistan”, “Dövlət və fərd” kimi əsərləri daxildir.
Təqdimat mərasimində çıxış edən Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli muzeyin bu mövzularda mütəmadi tədbirlər keçirdiyini və tədqiqatçılara dəstək olduğunu vurğulayıb.
Tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazova, araşdırmaçı yazar Dilqəm Əhməd, “Füyuzat” dərgisinin məsul redaktoru Samir Ramizoğlu və professor Mübariz Süleymanlı çıxış ediblər.
Sonda tədbir iştirakçıları Əhməd bəy Ağaoğlunun İstiqlal Muzeyinə hədiyyə edilmiş nadir kitabları ilə tanış olublar.























