Azərbaycanda dövlət teatrlarının idarəetmə sistemində əsaslı islahatlara başlanılıb. Bu islahatlar çərçivəsində teatrların əsasnamələri, idarəetmə strukturları və ştat cədvəlləri yenilənib və müasir idarəetmə prinsiplərinə uyğunlaşdırılıb.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, islahatların əsas məqsədi dövlət teatrlarında idarəetmə mexanizmlərini daha səmərəli, çevik və şəffaf etmək, qərar qəbuletmə prosesini təkmilləşdirmək və yaradıcılıq potensialının daha effektiv şəkildə reallaşdırılmasına şərait yaratmaqdır.
Yeni yanaşmaya uyğun olaraq mövcud idarəetmə strukturunda yer alan baş rejissor, baş rəssam, bədii rəhbər və digər oxşar vəzifələr yeni struktura daxil edilməyib. Bu qərar vəzifələrin formal mövcudluğundan deyil, funksional effektivliyindən çıxış edərək qəbul olunub. Daxil edilməyən vəzifələrin funksiyaları daha çevik və nəticəyönümlü idarəetmə modeli çərçivəsində yenidən bölüşdürülüb.
Nazirlikdən verilən açıqlamaya görə, bu vəzifələrin funksiyaları kollegial idarəetmə prinsipləri əsasında və yeni yaradılmış struktur bölmələri vasitəsilə həyata keçiriləcək. Məqsəd qərarların bir nəfər üzərində cəmlənməsi deyil, kollektiv məsuliyyət və aydın funksional bölgü mexanizminin formalaşdırılmasıdır.
Məlumatda diqqətə çatdırılır ki, hazırda teatrlarda bədii rəhbər vəzifələrində çalışan şəxslər yeni struktur çərçivəsində fəaliyyətlərini davam etdirə bilərlər. Onlar teatr direktorlarının təqdimatı və təsdiqi ilə quruluşçu rejissor, yaradıcı şöbə müdiri və ya digər müvafiq vəzifələrə təyin oluna bilərlər.
"İslahatların məqsədi hər hansı ştatın mexaniki şəkildə ləğvi deyil. Əsas hədəf effektiv işləməyən və ya zəif fəaliyyət göstərən idarəetmə mexanizmlərinin müasir tələblərə uyğun şəkildə yenilənməsidir", – deyə məlumatda bildirilir.
Qeyd edilib ki, yeni model teatrların yaradıcılıq potensialını artırmaq, yaradıcılıq azadlığını daha sağlam institusional çərçivədə təmin etmək və idarəetmədə məsuliyyət bölgüsünü aydınlaşdırmaq məqsədi daşıyır. Bu yanaşma teatrların həm yaradıcılıq, həm də idarəetmə baxımından daha dayanıqlı inkişafına zəmin yaradır.



















