Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında uzun illər aktrisa kimi fəaliyyət göstərmiş Məsumə Babayeva yanvarın 24-də, ömrünün 75-ci ilində vəfat edib.

Teatrdan verilən məlumata görə, aktrisa uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib.

Teatrda çalışdığı illər ərzində 100-ə yaxın tamaşada müxtəlif səpkili obrazlar (Aycan ("Aycan", X.Əlibəyli), Qaraca qız ("Qaraca qız", S.S.Axundov), Kiçik Ramo ("Əlvida, Hindistan", Q.Rəsulov), Sadıq ("Mənim nəğməkar bibim", Ə.Əylisli) və s.) yaradıb.

Həmçinin filmlərdə (“Günaydın, mələyim!”, “Qocalar”, “İstanbul reysi” və s.), televiziya tamaşalarında və seriallarda rol alıb.

Məsumə Babayeva 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin (2018-ci ildən Mədəniyyət Nazirliyi) “Fəxri mədəniyyət işçisi” döş nişanı, 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı, 2018-ci ildə Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin.