Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Kimya Elmləri Bölməsi (KEB) və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2025-ci ildə fəaliyyəti müzakirə olunub.
İclasda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Kimya Elmləri Bölməsinin optimallaşma və struktur islahatları çərçivəsində keyfiyyətcə yeni inkişaf mərhələsində olduğunu bildirib, Elm və Təhsil Nazirliyinin fəaliyyətini və innovativ idarəetmə yanaşmalarını yüksək qiymətləndirib.
Bildirilib ki, tədqiqatlar 2021–2025-ci illər üçün prioritet istiqamətlərə və dövlət proqramlarına uyğun aparılıb. Hesabat ilində 12 problem, 41 mövzu və 110 iş üzrə araşdırmalar həyata keçirilib; 505 məqalə dərc olunub, 263-ü xarici nəşrlərdə çap edilib, 7300-dən çox istinad alıb. Həmçinin 47 kitab və monoqrafiya nəşr olunub, 184 məqalə Scopus-da, 104 məqalə “Web of Science”də indeksləşib, 49 patent əldə olunub.
Rəyasət Heyəti bölmənin fəaliyyətini məqbul hesab edib və tədqiqatların “Rəqəmsal İnkişaf Konsepsiyası” və “Süni İntellekt Strategiyası”na uyğun genişləndirilməsini, mineral ehtiyatlardan səmərəli istifadə, “yaşıl artım”, müdafiə və innovativ polimer materiallar, sənaye tullantılarının təmizlənməsi və dərman maddələrinin effektivliyinin artırılmasına üstünlük verilməsini tapşırıb. Gənclərin elmə cəlb olunması və kimya elminin populyarlaşdırılması da prioritet elan olunub.
Sonra “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2025-ci il üzrə fəaliyyəti barədə hesabat dinlənilib.
Mərkəzin direktor müavini professor Şaiq İbrahimov “Heydər Əliyev Ensiklopediyası” və Azərbaycan Milli Ensiklopediyasının növbəti cildləri ilə bağlı görülən işlər haqqında məlumat verib. Qeyd olunub ki, “Heydər Əliyev Ensiklopediyası” üçün 800-ə yaxın məqalənin ilkin variantı hazırlanıb, 300-dən çoxu redaktə olunub.
2025-ci ildə Azərbaycan Milli Ensiklopediyasının 600 səhifəlik 11-ci cildi çapdan çıxıb. Bundan başqa, 12-ci cild üçün məqalələrin ilkin variantları hazırlanaraq müvafiq elmi-ədəbi nəzarət və biblioqrafiya redaksiyalarına təqdim edilib. Hesabat ili ərzində növbəti cildlər üçün ümumilikdə 2313 məqalə hazırlanıb, onlardan 1367-si yoxlanılaraq redaktə edilib.
İclasda təqdim olunan hesabatlar ətrafında çıxış olub. Çıxışçılar beynəlxalq standartlara uyğun qiymətləndirmə, reytinq və istinad göstəricilərinin artırılması, yüksək nəticə göstərən tədqiqatçıların stimullaşdırılması və mükafatlandırılması, süni intellekt texnologiyalarının tətbiqi, elmi statistikanın müasir metodlarla hazırlanması və beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıblar.
Müzakirələrdən sonra AMEA Rəyasət Heyətinin qərarı ilə Kimya Elmlər Bölməsinin və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin 2025-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları təsdiq edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.
***
Xatırladaq ki, müstəqil Azərbaycanın yeni universal ensiklopediyasının yaradılması üzərində iş 22 il əvvəl başlanıb. Prezident İlham Əliyev 2004-cü il 12 yanvar tarixində “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” sərəncam imzalayıb.
Ensiklopediyanın cildlərinin nəşrə hazırlanması və çapa təqdim edilməsi AMEA-nın tərkibində fəaliyyət göstərən xüsusiləşdirilmiş elmi təşkilat – “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində həyata keçirilir. Mərkəz Azərbaycan Respublikası Prezidentinin 5 may 2004-cü il tarixli sərəncamı ilə yaradılıb.
Milli Ensiklopediyanın “Azərbaycan” xüsusi cildi 2007-ci ildə Azərbaycan dilində çapdan çıxıb.
Ensiklopediyanın əlifba sırası üzrə ilk cildi isə 2009-cu ildə çap olunub. Milli Ensiklopediyanın 20 cilddə (A-dan Z-yə) nəşri nəzərdə tutulub. 11-ci cild H, X, I və İ hərflərini əhatə edib.






















