22 yanvar 1963-cü ildə Almaniya və Fransa arasında Yelisey Müqaviləsi imzalandı. Bu sənəd Avropada barışıq və sülhün bərqərar olması yolunda tarixi dönüş nöqtəsi oldu və onun təsiri bu gün də öz bəhrəsini verməkdə davam edir.
Bu barədə Almaniya Federativ Respublikasının və Fransa Respublikasının Bakıdakı səfirliklərinin sosial media səhifələrindəki paylaşımda deyilir.
Paylaşımda bir neçə əsr boyunca, o cümlədən iki dünya müharibəsində bir-biri ilə vuruşmuş və böyük itkilər vermiş iki Avropa dövlətinin timsalında barışığa və sülhə aparan yolun əhəmiyyəti diqqətə çatdırılır. Bu kontekstdə Ermənistan və Azərbaycan arasında sülhə doğru atılan ilk addımların önəmi vurğulanır.
Azərbaycan, alman və fransız dillərində yayılan mətni Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann və Fransanın ölkəmizdəki səfiri Sofi Laqutun Bakının mərkəzində, Nizami küçəsi fonunda çəkilmiş birgə fotosu müşayiət edir.
“Eyni zamanda öyrəndik ki, barışığa aparan yol heç də qısa deyil –bəzən arxamızdakı Nizami küçəsi qədər uzun və səbir tələb edəndir. Bu gün biz burada ölkələrimizin səfirləri olaraq barışığın mümkün olduğunu nümayiş etdirmək üçün birgə dayanırıq. Ermənistan və Azərbaycan arasında da sülhə doğru ilk addımlar atılıb. Hər bir addım dəyərlidir və gələcək üçün ümid yaradır”, – deyə paylaşımda bildirilir.
Xatırladaq ki, 1963-cü ilin 22 yanvarında Parisdə Almaniya Kansleri Konrad Adenauer və Fransa Prezidenti Şarl de Qoll tərəfindən imzalanan Yelisey Müqaviləsi (almanca Elysee-Vertrag; fransız dilində Traité de l'Élysée) əsrlər boyu davam edən rəqabətdən sonra iki ölkə arasında tarixi barışığın əsasını qoyub. Almaniya və Fransanın bütün sahələrdə (xarici siyasət, müdafiə, təhsil, mədəniyyət, gənclər mübadiləsi və s.) sıx əməkdaşlığına yol açan bu müqavilə gələcəkdə Avropa İttifaqının təşəkkül tapması üçün də mühüm zəmin yaradıb.
Vüqar Orxan






















