Yanvarın 23-də Sumqayıt Dövlət Dram Teatrında fransız dramaturqu Jan Batist Molyerin “Jorj Danden, yaxud aldanmış ər” əsəri əsasında hazırlanan “Aldanmış ər” tamaşasının premyerası keçirilib.
Teatrdan bildirilib ki, premyera nümayişində Sumqayıtdan Milli Məclisin deputatı Elnarə Akimova, rəsmilər, incəsənət xadimləri, şəhər ictimaiyyətinin nümayəndələri, sənətsevərlər iştirak ediblər.
Dövlət sifarişi ilə ərsəyə gətirilən səhnə əsərinin bədii rəhbəri Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rejissoru Ümüd Abbaszadədir.
Tamaşanın quruluşçu rəssamı Osman Salmanov, bəstəkarı Rəvan Alməmmədli, xoreoqrafı Kamil Ağazadə, rejissor assistenti isə Fazilə Rzayevadır. Əsəri Azərbaycan dilinə mərhum Xalq yazıçısı Elçin tərcümə edib.
Səhnə əsəri klassik komediyanın ruhunu qorumaqla yanaşı, müasir teatr estetikası, dinamik səhnə həlli və aktyor ifalarının vəhdəti ilə tamaşaçılara təqdim edilir.
Tamaşada kəndli təbəqəsindən olan, lakin var-dövləti hesabına zadəgan ailəsinə kürəkən olmuş bir şəxsin faciəvi-komik həyat hekayəsi canlandırılır. Sosial təbəqələrarası uyğunsuz evliliklərin doğurduğu fəsadlar, ailə və cəmiyyət münasibətləri incə satirik üslubda tənqid olunur.
Rolları Əməkdar artist Sədaqət Nuriyeva, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Mətləb Səfərli, İlahə Səfərova, Aynur Hümbətova, Kamran Muradlı, Elmir Mehdiyev, Ramazan Xanlarov, Məryəm Hüseynli, Səbinə Abdullayeva, Emil Həmidov, Şəhriyar Aşkari və Məhbubə Qorbanı ifa ediblər.

























