Tarixdəki olaylar

 

24 yanvar 1992 – Azərbaycan Parlamenti (Ali Sovetin Milli Şurası) “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib. Avropa Şurası Parlament Assambleyası 1996-cı ildə Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusu verdi. 

 

24 yanvar 2002 – Prezident Heydər Əliyevin Rusiyaya dövlət səfəri zamanı Qəbələ radiolokasiya stansiyasının (RLS) statusuna dair saziş imzalanıb. Qəbələ RLS ("Daryal" Analitik-informasiya mərkəzi) Azərbaycanın mülkiyyəti kimi təsbitlənib və Rusiyaya 10 illiyə (hər il üçün 7 milyon dollar) icarəyə verilib. Səfər gedişində iki ölkə arasında 2002-2010-cu illər üzrə iqtisadi tərəfdaşlıq müqaviləsi də imzalanıb.

 

24 yanvar 2005 – Prezident İlham Əliyev İran İslam Respublikasına rəsmi səfər edib. Prezident səfər çərçivəsində Cənubi Azərbaycana – Təbrizə də gedib, orada ölkəmizin yeni açılmış konsulluğuna baş çəkib. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

24 yanvar 1732 – Fransız dramaturqu Pyer Bomarşe (Pierre-Augustin Caron de Beaumarchais; 1732 – 18.5.1799) anadan olub. “Sevilya bərbəri”, “Fiqaronun evlənməsi” komediyalarının müəllifidir.

 

24 yanvar 1776 – Alman yazıçısı Ernst Teodor Vilhelm Amadey Hofman (Ernst Theodor Amadeus Hoffmann; 1776 – 25.6.1822) anadan olub. “Birələr hökmdarı” romanı, “Şelkunçik və siçanlar kralı” nağılı (P.Çaykovski nağıl əsasında “Şelkunçik” baletini yazıb) və s. əsərlərin müəllifidir.

 

24 yanvar 1901 – SSRİ Xalq artisti, kinorejissor Mixail İliç Romm (1901 – 1.11.1971) anadan olub. “Adi faşizm” sənədli filmi ilə xüsusilə tanınıb.

 

24 yanvar 1905 – Ədəbiyyatşünas alim Məmmədkazım Ələkbər oğlu Ələkbərli (1905–1938) Dərbənd şəhərində anadan olub. BDU-nun rektoru, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin ilk sədri olub. Repressiya qurbanıdır.

 

24 yanvar 1909 – Xalq artisti, professional təhsil almış ilk azərbaycanlı dirijorlardan Əşrəf Həsən oğlu Həsənov (1909 – 9.8.1983) Şəkidə anadan olub.

 

24 yanvar 1921 – Əməkdar incəsənət xadimi, rəssam Əyyub Əliağa oğlu Məmmədov (1921 – 27.8.1994) Bakıda anadan olub. Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində müəllim, direktor işləyib.

 

24 yanvar 1922 – Aşıq Şakir (Şakir Şahverdi oğlu Hacıyev; 1922 – 10.4.1979) anadan olub.

 

24 yanvar 1941 – Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil Eynulla oğlu İsrafilov (1941 – 29.4.2023) Bakıda anadan olub.

 

Hazırladı: Vüqar Orxan