“KNS Classical” leyblı altında işıq üzü görən “Whispers of the Soul” albomu klassik musiqi ictimaiyyətində xüsusi maraq doğuran sənət hadisələrindən biridir.
Albomun müəllifi – azərbaycanlı pianoçu, respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Əli Məmmədov bu işi ilə həm yüksək ifaçılıq mədəniyyətini, həm də fərdi sənət dünyasını bir daha nümayiş etdirir.
Yohannes Bramsın intermezzoları (Op.117) və Frederik Şopenin prelüdləri (Op.28) kimi mürəkkəb və dərin fəlsəfi məna daşıyan əsərlərin seçimi ifaçının estetik düşüncəsinin və musiqi zövqünün göstəricisidir. Lakin bu albom sadəcə klassik repertuarın təqdimatı deyil, burada musiqi ifaçının daxili dünyasının bədii ifadəsinə çevrilir.
İlk səslərdən aydın olur ki, Əli Məmmədov nadir musiqi duyumuna malik pianoçudur. Onun Brams interpretasiyaları dərinlik, lirizm və emosional təmkinlə səciyyələnir. Hər bir intermezzo insan ruhunun incə qatlarını açır, daxili sükutla danışan musiqi dili yaradır. Texniki ustalıqla səmimi ifadənin vəhdəti bu ifalara xüsusi poetik çalar bəxş edir.
Şopenin prelüdləri isə pianoçunun obrazlı düşüncə tərzini və romantik musiqi estetikasına həssas münasibətini ortaya qoyur. Zərif kədərdən ehtiraslı yüksəlişlərə qədər uzanan emosional spektr Əli Məmmədovun interpretasiyasında canlı və təsirli səslənir. Hər bir prelüd dinləyicini bəstəkarın daxili dünyasına aparan ayrıca bir hekayə təsiri bağışlayır.
Respublika və beynəlxalq müsabiqələrin laureatı Əli Məmmədovun bu albomu onun yalnız fərdi ifaçılıq üslubunu deyil, müasir klassik musiqi mühitində tutduğu mövqeyi də aydın şəkildə göstərir. Dərin musiqi anlayışı, intellektual yanaşma və bədii məsuliyyət hissi pianoçunu yeni nəsil ifaçılar arasında seçilən simaya çevirir.
Klassik musiqini sevənlərə “Whispers of the Soul” albomunu dinləməyi tövsiyə edirik. Bu albom təkcə musiqi dinləmək deyil, ruhun səssiz pıçıltılarını eşitmək, daxili aləmlə üz-üzə qalmaq üçün bir dəvətdir – yaddaşlarda qalacaq sanballı sənət nümunəsidir.
Novruz Nuriyev
AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi



















