Yanvarın 22-də AMEA-nın “Elm” nəşriyyatının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Elm” nəşriyyatının kollektivini yubiley münasibətilə təbrik edib. Bildirib ki, nəşriyyat 1925-ci ildən etibarən müxtəlif elmi qurumların nəzdində fəaliyyət göstərib və bu illər ərzində Bəkir Çobanzadə, Abdulla Vəliyev, Ziya Bünyadov, Əjdər Xanbabayev kimi görkəmli şəxslər tərəfindən idarə olunub. Akademik vurğulayıb ki, nəşriyyat yüz il ərzində Azərbaycanda elmi biliklərin yayılmasına və kitab mədəniyyətinin inkişafına mühüm töhfələr verib, bu gün də uğurla fəaliyyətini davam etdirir.
Akademik İsa Həbibbəyli nəşriyyatın direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanovun əməyini yüksək qiymətləndirərək, onun müəllifi və tərtibçisi olduğu bir sıra fundamental biblioqrafik nəşrlərin “Elm” nəşriyyatının 100 illik yubileyinə dəyərli töhfə olduğunu bildirib.
Səbuhi Qəhrəmanov “AMEA-nın “Elm” nəşriyyatının inkişaf yolu və qarşıda duran vəzifələr” mövzusunda məruzə edib. O, nəşriyyatın yaranma tarixindən, əsas missiyasından, elmi biliklərin yayılmasında və milli kitab mədəniyyətinin inkişafında oynadığı roldan danışıb, son illər əldə olunan uğurları diqqətə çatdırıb.
Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun müavini Kəmalə Məmmədzadə, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri Sərxan Xavəri, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Bayramov və digər çıxışçılar “Elm” nəşriyyatının Azərbaycan elmi və mədəni həyatındakı rolunu vurğulayıblar.
Sonda akademik İsa Həbibbəyli Səbuhi Qəhrəmanova AMEA-nın 80 illiyi döş nişanını təqdim edib. “Elm” nəşriyyatının bir qrup əməkdaşı AMEA Rəyasət Heyətinin təşəkkürnaməsi və AMEA Azad Həmkarlar İttifaqının fəxri fərmanı ilə təltif olunub.
Tədbir çərçivəsində “Elm” nəşriyyatında çap olunmuş kitablardan ibarət sərgi də təşkil edilib.






















