Yanvarın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) “Muzeydə mühazirə” layihəsi çərçivəsində “Zamanın rənglə yazılan yaddaşı: Mirzə Qədim İrəvani” mövzusunda mühazirə dinləniləcək.
Muzeydən bildirilib ki, mühazirə AMİM-in Elmi-tədqiqat üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Mirzə Qədim İrəvani: Zamanların qovşağında” kitabının həmmüəllifi Aytən Əhmədova tərəfindən təqdim olunacaq.
XIX əsr Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Mirzə Qədim İrəvaninin həyat və yaradıcılıq yolundan, onun formalaşdığı tarixi-mədəni mühitdən və sənət üslubunun xüsusiyyətlərindən ətraflı bəhs ediləcək.
Məruzəçi kitab üzərində aparılmış tədqiqatların əsas elmi nəticələrini bölüşərək sənətkarın əsərlərinin tarixi, bədii-estetik və simvolik qatlarını diqqətə çatdıracaq.
Sərgi zalında baş tutacaq mühazirə dinləyicilərə rəssamın yaradıcılığına daha dolğun baxış imkanı yaradacaq.



















