Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 20 Yanvar hadisələrinin 36-cı ildönümü ilə əlaqədar “Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı daycest, “Milli qürur və qəhrəmanlıq tariximiz” adlı virtual və “20 Yanvar qürur və şərəf tariximiz” adlı ənənəvi kitab sərgiləri hazırlanıb.
Kitabxanadan bildirilib ki, daycestdə “20 Yanvar – xalqımızın azadlıq və zəfər yolunun başlanğıcı” və “Qanlı Yanvardan bütöv Azərbaycana uzanan azadlıq yolu” adlı məqalələrin tam mətni, 2020-2026-cı illəri əhatə edən dövri mətbuat nümunələrinin biblioqrafik təsviri və qısa annotasiyası təqdim edilir. “Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı material kitabxananın saytında (https://ryl.az/funds/daycest) yerləşdirilib.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində “Qanlı gecə, qanlı tarix”, “Dünyamızın 20 Yanvar faciəsi”, “Yanvar təlatümü”, “20 Yanvar hadisəsi və Aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu”, “Mən şahidəm ki...”, “1990-cı il. Qanlı Yanvar izləri” kimi 10-dan çox Azərbaycan və rus dillərində nəşr edilən kitabın və “20 Yanvar – azadlığımızın və milli iradəmizin simvolu”, “Azərbaycan xalqının istiqlalına yol açan şanlı tarix - 20 Yanvar”, “20 Yanvar faciəsi Azərbaycan mətbuatında” kimi məqalələrin tam mətni yer alıb.
Virtual sərgiyə də kitabxananın saytında (https://ryl.az/multimedia/milli-qurur-ve-qehremanliq-tariximiz) baxmaq olar.
“20 Yanvar qürur və şərəf tariximiz” adlı ənənəvi kitab sərgisində mövzuya dair kitablar, dövri mətbuat materialları yer alıb.



















