Qusar rayon İncəsənət məktəbinin (Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi) önündə görkəmli bəstəkar, Xalq artisti Elza İbrahimovanın (1938 – 2012) büstünün açılışı olub.
Mərasimdə çıxış edənlər sənətkara ümumxalq sevgisindən, onun ölməz əsərlərindən minnətdarlıqla söz açıblar.
Tədbirin bədii hissəsində məktəbin şagirdlərinin iştirakı ilə bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
Təəssüratını bölüşən bəstəkarın qardaşı Çingiz İbrahimov deyib: “Elza İbrahimova haqqında ən çox yazan müəlliflərdən biri olsam da, hələ onun haqqında deyiləsi sözlər çoxdur. Bu yaxınlarda nəşr olunacaq növbəti kitabımın ən böyük bölməsi "Elza" adlanır. Təəssüf ki, bacımın yaradıcılığının miqyasını, əsərlərinin qiymətini, ümumən musiqi irsinin zənginliyini hələ tam dərk etməmişik. Bir gün gələcək, onun operaları, nəhayət, öz səhnə təcəssümünü tapacaq, dünyanın müxtəlif ölkələrindəki pərəstişkarı bu hadisəni sevinc hissi ilə qarşılayacaq. Abidəyə baxanda uşaq kimi saf və saya, təbiətən həssas və kövrək Elza gözlərimin önündə canlanır".
Azərbaycan musiqisinin inkişafına böyük töhfələr vermiş Elza İbrahimovanın zəngin yaradıcılığı var. Duyğumuza hakim kəsilən “Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey Vətən”, “Qurban verərdim”, “Gəl barışaq”, “Yoxluğunu bilə-bilə”, “Mən sənin yanına qışda gəlirdim”, “Sən yadıma düşəndə” və digər bu kimi əvəzsiz bəstələr onu hər zaman xalqın qəlbində yaşadacaq.























