Bakı Dövlət Universitetində (BDU) “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində” mövzusunda elmi-praktik konfrans keçirilib.
BDU-nun rektoru Elçin Babayev giriş sözündə diqqətə çatdırıb ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə hazırlanan Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsdiq olunub. Bu, ana dilimizin hüquqi statusunun möhkəmləndirilməsi və onun cəmiyyətin bütün sahələrində tam şəkildə işlədilməsinin təmin olunması baxımından mühüm tarixi hadisədir. Heydər Əliyev gənclərimizin öz ana dilinə hörmətlə yanaşmasını daim vurğulayıb, ziyalılarla, ədəbi dil xadimləri ilə keçirdiyi görüşlərdə Azərbaycan dilinin saflığının qorunmasının, onun yad təsirlərdən uzaq saxlanmasının vacibliyini xüsusi qeyd edib: "Bu məqsədyönlü dil siyasəti Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan dilinin qorunması, onun tətbiq dairəsinin genişləndirilməsi və daha da təkmilləşdirilməsi istiqamətində qəbul edilən sənədlər dilçilik elminin inkişafına, ədəbi dil normalarının möhkəmlənməsinə, eləcə də ana dilimizin cəmiyyətin bütün sahələrində düzgün və səmərəli istifadəsinə böyük töhfə verib”.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, media subyektlərində çalışan əməkdaşlar tərəfindən dilin düzgün, səlis və ədəbi normalara uyğun tətbiqi vacib məsələlərdəndir. “Biz bu gün cəmiyyətin daha çox diqqət mərkəzində olan audiovizual mediada ədəbi dilimizin düzgün işlədilməsi məsələsini müzakirə edirik. Amma ölkə mediasının digər seqmentlərində də ədəbi dilimizin norma və prinsiplərinin qorunması bizim üçün eyni dərəcədə aktualdır. Artıq Mətbuat Şurasında Dil komissiyası yaradılıb. Ölkə mediasının sistemli monitorinqinin aparılmasının bu sahədə buraxılan səhvlərin operativ formada aradan qaldırılmasına təkan verəcəyinə əminik.
Audiovizual Şurasının aparat rəhbəri Fazil Novruzov deyib ki, yeni informasiya çağırışları və rəqəmsallaşma prosesi Azərbaycan dilinin mediada istifadəsinə müəyyən yeniliklər gətirsə də, bu, dil normalarının pozulması ilə müşayiət olunmamalıdır. Ədəbi dil normalarına riayət edilməsi təkcə estetik məsələ deyil, eyni zamanda, hüquqi və ictimai əhəmiyyət daşıyan bir məsələdir. Bu baxımdan mediada dövlət dilinin qorunması istiqamətində müvafiq cəza sanksiyaları da mövcuddur: “Müasir media mühitində Azərbaycan dilinin saflığına təsir edən ən böyük problemlərdən biri xarici dillərdən heç bir ehtiyac olmadan dilimizə keçən və geniş şəkildə istifadə edilən sözlərdir. Bu cür halların qarşısının alınması məqsədilə Audiovizual Şura ötən ildən televiziya kanallarında xarici sözlərin istifadəsi ilə bağlı monitorinqlər aparır. Hazırda bu monitorinqlər davam etdirilir”.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov qeyd edib ki, media cəmiyyətin güzgüsüdür. Cəmiyyətdə baş verən bütün müsbət və mənfi hallar, o cümlədən dil mədəniyyətinin səviyyəsi, ilk növbədə, mediada əks olunur. Bu baxımdan media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür.
“REAL Təhlil və İnformasiya Mərkəzi” MMC-nin baş direktoru Mirşahin Ağayev qeyd edib ki, Azərbaycan dilinin qorunması məsələsinə bir çox tərəfdən yanaşmaq lazımdır. Prezident İlham Əliyevin bu sahəyə münasibəti həyata keçirilən dövlət siyasətinin mahiyyətini aydın şəkildə göstərir. Prezidentin Azərbaycan dili ilə bağlı çıxışları və mövqeyi bizim üçün əsas yol xəritəsi olmalı, hər birimiz bu yol xəritəsinə uyğun şəkildə ana dilimizin qorunmasına və inkişafına töhfə verməliyik.
Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli qeyd edib ki, dil, ilk növbədə, öz daxili imkanları hesabına inkişaf etdirilməli və zənginləşdirilməlidir. Kənar sözlərə ehtiyac minimuma endirilməlidir. Burada əsas məsələ balansın qorunması, dilin təbii inkişaf yolunun təmin edilməsidir. Dilin daim inkişaf etdiyinə, yeni sözlərin yarandığına və dilə daxil olduğuna diqqət çəkən professor N.Məmmədli sonda əlavə edib ki, bu proseslərin fonunda normativ baza da mütəmadi olaraq təkmilləşdirilməlidir.
“ARB 24” telekanalının icraçı direktoru Radik İsmayılov isə bildirib ki, televiziya efirində rast gəlinən əsas problemlər daha çox tələffüz və vurğu ilə bağlıdır. Xüsusilə xəbər buraxılışlarında xarici adların və terminlərin düzgün tələffüzü ilə bağlı məsələlərə xüsusi diqqət yetirilməlidir.
Konfransda “Televiziya nitqində özünü göstərən bəzi problemlər”, “Teleradio verilişlərində xarakterik dil nöqsanları və onların aradan qaldırılması yolları”, “Gənclərdə nümunəvi nitqin formalaşmasında audiovizual media məzmununun rolu” və digər mövzular ətrafında müzakirələr aparılıb.





















