Əməkdar jurnalist, televiziya aparıcısı və publisist, ssenarist və kino redaktoru Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev yanvarın 16-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda Nadejda Vasilyevna İsmayılovanın Azərbaycan Respublikasında jurnalistika sahəsində xüsusi xidmətlərinə görə təltif edildiyi bildirilir.

Qeyd edək ki, yanvarın 14-də Nadejda İsmayılovanın 90 yaşı tamam olub. Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov doğum günü münasibətilə onu təbrik edib.

Nadejda İsmayılova Azərbaycan kinosunda 50-yə yaxın filmin (sənədli, bədii) ssenari müəllifi, redaktorudur. “Azərbaycantelefilm” yaradıcılıq birliyində, “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərib, o cümlədən 1975-ci ildən 1984-cü ilə qədər kinostudiyada baş redaktor müavini vəzifəsində çalışıb. Azərbaycan Televiziyasında geniş tamaşaçı rəğbəti qazanan “Dalğa”, “Həftə plyus”, “TV Kuryer” publisistik proqramlarının müəllifi və aparıcısı olub.

Nadejda İsmayılova görkəmli kinooperator, kinorejissor Rasim İsmayılovun (1936–2004) həyat yoldaşıdır.