Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində “20 Yanvar – milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib.

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbirdə iştirakçılar əvvəlcə T.Abbasov adına 225 nömrəli tam orta məktəbin “Kiçik akademiya” üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.

Anım tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra 20 Yanvar faciəsi qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva giriş sözü ilə çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin, milli həmrəyliyin və sarsılmaz iradə gücünün parlaq nümunəsi olduğunu vurğulayıb.

Sonra faciənin tarixini əks etdirən videoçarx nümayiş etdirilib.

Çıxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində obyektiv hüquqi-siyasi qiymət verilib, şəhidlərin xatirəsi əbədiləşdirilib.

Tədbirin bədii hissəsində T.Abbasov adına 225 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub, 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirilib, həzin mahnılar ifa edilib.