Yanvarın 10-da Milli Kitabxanada Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tanınmış tarixçi-alim, professor Anar İsgəndərovun 70 illik yubileyinə həsr edilən tədbir təşkil olunub.

Bu barədə Milli Kitabxanadan məlumat verilib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov giriş sözündə Anar İsgəndərovun ölkəmizin ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif etdiyini diqqətə çatdırıb və yubilyarı təbrik edib.

Professor A.İsgəndərovun Azərbaycanda tarix elminin inkişafına töhfələrindən, Bakı Dövlət Universitetində (BDU) kafedra müdiri kimi tarixçi kadrların hazırlanmasındakı rolundan, Ali Attestasiya Komissiyasında (AAK) Tarix elmləri üzrə Ekspert şurasının sədri kimi gənc alimlərin elmin zirvələrinə irəliləmələrinə dəstək verməsindən, Xalq Cümhuriyyətinin və 1918-ci il mart qırğınlarının ilk tədqiqatçılarından olmasından bəhs edib, onun Milli Məclisin Elm və təhsil komitəsinin sədri kimi fəaliyyətini diqqətə çatdırıb.

Milli Məclisin deputatı professor Bəxtiyar Əliyev 50 ildən artıq yubilyarla BDU-da birgə çalışdıqlarını qeyd edərək, onun çox təvazökar və istedadlı alim kimi geniş spektrli elmi yaradıcılığından, kafedra müdiri kimi yorulmaq bilmədən gənc kadrların yetişdirilməsində fədakar fəaliyyətindən, eləcə də bir insan, dost və həmkar kimi şəxsi keyfiyyətlərindən danışıb.

Deputatlar Elçin Mirzəbəyli, Samir Vəliyev və Vasif Qafarov da Milli Məclisdə A. İsgəndərovla birgə fəaliyyətlərindən və onun komitə sədri kimi qanunvericilik aktlarının müzakirəsində fəal rolundan söz açıblar, onu alim, dost və iş yoldaşı kimi dəyərləndiriblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı yubilyara şeyxülislam Hacı Allahşükür Paşazadənin təbrikini çatdırıb, onun Elmi-Dini Şuranın üzvü kimi səmərəli fəaliyyətindən bəhs edib.

BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov, AAK-nın Tarix elmləri üzrə Ekspert Şurasının üzvü Şikar Qasımov, fəlsəfə elmləri doktoru Dilqəm İsmayılov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev, institutun şöbə müdiri Əsədulla Cəfərov, filologiya elmləri doktoru Yeganə İsmayılova, tarix üzrə fəlsəfə doktoru, Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Firdovsiyyə Əhmədova və digər çıxış edənlər A. İsgəndərovun elmi yaradıcılığından və uğurlarından danışıblar.

Tədbirin sonunda A. İsgəndərov onu respublikanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif etdiyi üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Yubilyar tədbirin təşkilinə görə Milli Kitabxananın rəhbərliyinə, eləcə də iştirakçılara təşəkkür edib.

Tədbir çərçivəsində professor Anar İsgəndərovun yubileyi münasibətilə kitabxanada tərtib edilmiş ənənəvi və virtual sərgi sərgilərin təqdimatı da olub.