AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Türk Arxeologiyası və Mədəni Miras İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu barədə Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.
Əvvəlcə institutun direktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev Türk Arxeologiyası və Mədəni Miras İnstitutunun rəhbəri professor Şaban Doğan və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisi, arxeoloq Burcu Bilirlə görüşüb.
Professor Şaban Doğan Türk Arxeologiyası və Mədəni Miras İnstitutunun fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, yeni yaradılmış elmi müəssisənin əsas məqsədi Türkiyədən kənarda, türk respublikalarında arxeoloji tədqiqatların aparılması, ümumtürk tarixi üçün əlamətdar abidələrin tədqiqi və türk respublikalarındakı arxeoloji tədqiqat mərkəzləri ilə əməkdaşlığın qurulmasıdır. Bu il Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Monqolustanda birgə arxeoloji tədqiqatların aparılması planlaşdırılır. Bu təşəbbüslərə Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin böyük dəstəyi var. Şaban Doğan əlavə edib ki, türk respublikalarının arxeoloqları ilə təcrübə və bilik bölgüsü, türk respublikalarından olan gənc arxeoloqları Türkiyədə aparılan qazıntılarda iştiraka dəvət institutun fəaliyyətinin əsas məqsədlərindən biridir.
Xanım Burcu Bilir Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin elmi müəssisəyə dəstəyindən danışıb. O qeyd edib ki, institutun yaradılması Türk Arxeologiyası və Mədəni İrs Fondu haqqında müvafiq qanunla təsbit olunub.
Daha sonra Fərhad Quliyev və Şaban Doğan Azərbaycanda abidələr və arxeoloji tədqiqatlar mövzusunda müzakirə aparıblar. Xüsusilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində işğalçılar tərəfindən türk-İslam dövrü arxeoloji abidələrinin dağıdılması, Qafqaz Albaniyasının xristian abidələrinin mədəni mənsubiyyətinə qarşı saxtalaşdırmalar və bu abidələrdə hər iki elmi-tədqiqat müəssisələri tərəfindən planlaşdırılan arxeoloji tədqiqatlar barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Fərhad Quliyev və Şaban Doğan iki elmi-tədqiqat müəssisəsinin əməkdaşlığı haqqında memorandumu imzalayıblar.
Daha sonra Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri Bəhlul İbrahimli qonaqları 2025-ci ilin arxeoloji tədqiqat mövsümündə Xaraba Gilan şəhər yerində Elxanilər dövrünə aid II memorial kompleksin (Naxçıvan MR, Ordubad rayonu) 1 saylı türbəsinin sərdabəsində aşkarlanmış unikal toxuculuq nümunələri ilə tanış edib.






















