Milli Məclisinin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə dekabrın 7-də Milli Kitabxananın qonağı olub.

Bu barədə də Milli Kitabxanadan məlumat verilib.

Görüş zamanı millət vəkili kitabxanaya nadir nəşrlər hədiyyə edib.

Onlardan biri fransız filosofu Jules Payotun müəllifi olduğu “La Morale à l’École” (“Məktəbdə əxlaq”) adlı dərs vəsaitidir. 1909-cu ildə Parisdə Armand Colin nəşriyyatında çap olunub və ibtidai təhsil üçün nəzərdə tutulmuş əxlaqi-tərbiyəvi məzmunu ilə seçilir. Bu nəşr Avropada məktəb təhsilində əxlaq anlayışının formalaşdırılmasına xidmət edən klassik əsərlərdən biri hesab olunur.

Digər dəyərli kitab isə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirin məşhur “Hophopnamə”sinin 1914-cü ildə Bakıda işıq üzü görən ikinci tam nəşridir. Kitab böyük şairin satirik irsini əhatə edən ilk fundamental toplulardan biridir. Nəşrin redaktoru və naşiri şairin həyat yoldaşı Xanım Tağızadə olub. Əsər “Kaspiy” tipo-litoqrafiyasında, İsa bəy Aşurbəyovun mətbəəsində çap edilib.

Görüş zamanı hər iki kitabın elmi, tarixi və mədəni əhəmiyyətini xüsusi vurğulayan Milli Kitabxananın direktoru professor Kərim Tahirov bu nəşrlərin Milli Kitabxananın fondları üçün mühüm töhfə olduğunu bildirib və bu dəyərli hədiyyələr üçün Milli Məclisin üzvi, bibliofil Aydın Mirzəzadəyə kitabxananın kollektivi və oxucuları adından təşəkkürünü bildirib. Direktor hər iki kitabın Milli Kitabxananın Nadir kitablar fondunda saxlanılacağını və tədqiqatçılar üçün əlçatan olacağını deyib.

Millət vəkili Aydın Mirzəzadə bu nəşrlərin ictimaiyyətin istifadəsinə verilməsinin mədəni irsin təbliği baxımından vacib olduğunu qeyd edərək Milli Kitabxananın direktoruna təşəkkürünü bildirib və digər kitab kolleksiyaçılarını da belə addımlar atmağa çağırıb.

Görüşdə Milli Kitabxana adından da qonağa kitablar hədiyyə edilib.