Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ildə imzaladığı sərəncam bir daha sübut etdi ki, dahi bəstəkarın xalqımız qarşısında xidmətləri illər ötdükcə daha da qiymətləndirilir və əbədiləşdirilir. Bu baxımdan 2025-ci il bütöv bir xalqın musiqi yaddaşının, milli kimliyinin, sənət düşüncəsinin bayramına çevrildi.
Üzeyir Hacıbəylinin adı təkcə Azərbaycan musiqisinin deyil, bütün Şərq mədəniyyətinin, musiqi sənətinin qürurudur. Hər bir notu ilə xalqının tarixini, ruhunu, dərdini və sevincini musiqiyə çevirən şəxsiyyətin yubileyi milli mədəniyyətin böyük təntənəsi oldu.
Yubiley tədbirlərinin mərkəzində isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) dayanırdı. Akademiyanın il boyu davam edən tədbirlər silsiləsi böyük sənətkarın irsini yaşatmaq, gənc musiqiçilərə ötürmək və Azərbaycan musiqi təhsilinin əsaslarını qoymuş dahi şəxsiyyətə dərin ehtiramını ifadə etmək məqsədini daşıyırdı.
2025-ci ilin yanvarından etibarən akademiyada elmi konfranslardan tutmuş musiqi müsabiqələrinə, konsertlərdən beynəlxalq festivallara qədər çoxsaylı tədbirlər həyata keçirildi. Hər bir tədbir həm rəsmi, həm də mənəvi baxımdan xüsusi bir məna daşıyırdı. Akademiyanın auditoriyalarında, konsert salonlarında, hətta foyesində belə Üzeyir bəyin musiqisinin sədası duyulurdu.
Yubiley çərçivəsində müxtəlif fakültələrdə tələbə müsabiqələri də keçirildi. Bu müsabiqələr gənc istedadların üzə çıxarılmasına və onların yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə töhfə oldu. Hər bir iştirakçı səhnəyə çıxarkən yalnız bir əsər ifa etmirdi, həm də Üzeyir bəyin musiqi ruhunu canlandırırdı.
Professor Fərhad Bədəlbəylinin sədrlik etdiyi münsiflər heyətində BMA-nın tanınmış professor və pedaqoqları yer almışdı. Münsiflər heyətinin üzvü olan tədris işləri üzrə prorektor Əməkdar müəllim, professor Nərminə Quliyeva müsabiqələrin gedişinə nəzarət edir, ifaçıları dinləyir, onlara məsləhətlər verir, nəticələrin obyektiv şəkildə qiymətləndirilməsini təmin edirdi. Onun rəhbərliyi ilə tədbirlər həm təşkilati, həm də bədii baxımdan yüksək səviyyədə gerçəkləşdi.
Aprel ayının son günlərində “Dahi Üzeyir Hacıbəylinin irsi dünya musiqi mədəniyyəti kontekstində” adlı mötəbər bir konfrans təşkil olundu. Konfrans eyni zamanda qarşıdan gələn ayların musiqi salnaməsinin əsasını qoydu. Akademiya divarları sanki Üzeyir düşüncəsinin nəfəsini hiss edirdi – auditoriyalar, zallar yubiley ilinin intellektual və bədii enerjisi ilə dolurdu. Bu başlanğıc Üzeyir irsinin il boyu ardıcıl şəkildə səslənəcəyinin və düşünüləcəyinin müjdəsi idi.
Yaz aylarından etibarən keçirilən tədbirlər təkcə paytaxtla məhdudlaşmadı. BMA-nın müəllim və tələbə heyəti müxtəlif konsert proqramları ilə çıxış edirdilər. Bu çıxışlar həm maarifləndirici, həm də tərbiyəvi xarakter daşıyırdı. Hər bir konsertdən sonra gənc musiqiçilər yeni təcrübə, yeni hisslər və yeni məqsədlərlə ruhlanırdılar.
Sentyabr ayı yubiley salnaməsinin mənəvi zirvəsini təşkil etdi. 18 sentyabr – Milli Musiqi Günü Üzeyir Hacıbəylinin doğum günü kimi xüsusi rəmzi məna kəsb edir. Bu tarixdə akademiyada səslənən musiqi sadəcə konsert proqramı deyil, milli yaddaşın ifadəsi idi. Üzeyir musiqisi Azərbaycan professional sənətinin təməli kimi təqdim olundu və onun ideyalarının bu gün də aktual olduğu bir daha nümayiş etdirildi.
18 sentyabr axşamı mədəniyyətimizin paytaxtı Şuşa şəhəri sanki yenidən musiqinin nəfəsini duydu. Qarabağın qəlbində, azadlığın simvoluna çevrilmiş şəhərdə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə möhtəşəm konsert proqramı keçirildi.
Bakı Musiqi Akademiyasının tələbə simfonik orkestri səhnəyə çıxaraq tamaşaçılara unudulmaz musiqi bayramı bəxş etdi. Orkestrin dirijoru Xalq artisti, professor Ramiz Məlik-Aslanov, bədii rəhbəri Xalq artisti, professor Fərhad Bədəlbəylidir. Bu tədbir təkcə musiqi gecəsi deyil, həm də azad torpaqlarda mədəni həyatın yenidən doğuluşu idi. Şuşada Üzeyir bəyin əsərlərinin səslənməsi Qarabağda milli ruhun, klassik irsin və sənət yaddaşının bərpasının simvoluna çevrildi.
Sentyabrın 18-dən 28-dək davam edən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı yubiley ilinin əsas hadisələrindən biri kimi seçildi. Festival çərçivəsində təqdim olunan konsertlər Üzeyir yaradıcılığının çoxsəsliliyini, janr və üslub zənginliyini nümayiş etdirdi. Müxtəlif ifa tərkiblərində səslənən əsərlər göstərdi ki, Üzeyir musiqisi təkcə milli sərhədlərlə məhdudlaşmır, ümumbəşəri estetik dəyər kimi qəbul olunur.
Festival çərçivəsində 23 sentyabrda M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən “Dostluq” konserti də yubileyə möhtəşəm töhfə oldu. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında təqdim olunan proqram dinləyicilər tərəfindən böyük maraqla qarşılandı. Gecənin solisti Xalq artisti, professor Yeganə Axundova əsrarəngiz ifası ilə dinləyicilərə əsl musiqi ziyafəti təqdim etdi.
İl boyu səslənən musiqi, aparılan elmi müzakirələr və təqdim olunan yubiley proqramları bir həqiqəti təsdiqlədi: Üzeyir Hacıbəyli irsi zamanla donmuş tarix deyil, daim hərəkətdə olan mədəni sistemdir. Onun əsərləri bu gün də yeni ifaçılıq yozumları doğurur, yeni elmi suallar yaradır və milli musiqi təfəkkürünü formalaşdırmaqda davam edir. Yubiley tədbirlərinin əsas dəyəri də məhz bu canlılıqda, bu fasiləsiz davamlılıq hissində idi. Konsert səhnələrində səslənən hər bir əsər, elmi tribunadan deyilən hər bir fikir Üzeyir Hacıbəylinin qurduğu musiqi məktəbinin möhkəmliyini bir daha nümayiş etdirdi. Bu məktəb yalnız peşəkar musiqi texnikasının deyil, düşüncə mədəniyyətinin, estetik məsuliyyətin və milli özünüdərkin məktəbidir. Yubiley ili göstərdi ki, bu məktəb nəinki yaşayır, hətta yeni nəsillər üçün yenilənərək öz aktuallığını qoruyur.
Bu yubiley ili həm də bir növ hesabat ili idi: milli musiqi mədəniyyəti öz köklərinə baxaraq bu gün harada dayandığını, gələcəyə hansı istiqamətdə irəliləməli olduğunu düşünmək imkanı əldə etdi. Üzeyir irsi bu mənada təkcə keçmişin böyük siması deyil, gələcəyə yönəlmiş yol göstərici kimi çıxış etdi. Onun ideyaları müasir musiqi mühitində də aktuallığını saxlayaraq yaradıcı axtarışlara stimul verdi.
Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə Bakı Musiqi Akademiyasında keçirilən tədbirlər milli musiqi tarixində sadəcə bir xatirə mərhələsi deyil, bir düşüncə mərhələsi yaratdı. Bu yubiley sübut etdi ki, Üzeyir Hacıbəyli irsi yalnız qorunmalı miras deyil, hər dövrdə yenidən oxunmalı, dərk edilməli və yaşadılmalı olan mənəvi sərvətdir. Məhz buna görə 2025-ci il Azərbaycan musiqi mədəniyyətində Üzeyir irsinin zamanı aşan gücünü bir daha təsdiqləyən, yaddaşlarda uzun müddət qalacaq bir il kimi tarixə yazıldı.
Mehparə Rzayeva
musiqişünas


























