Mayın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə II “Opera Günləri” layihəsinin açılışı olub.
Heydər Əliyev Sarayında layihənin ilk axşamında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Koroğlu” operası nümayiş olunub.
Koroğlu obrazını dünyaşöhrətli tenor, Xalq artisti Yusif Eyvazov ifa edib. Nigar partiyasını Əməkdar artist Afaq Abbasova oxuyub.
Operada həmçinin Xalq artistləri Əkrəm Poladov, Nəzakət Teymurova, Əməkdar artistlər Tural Ağasıyev, Əliəhməd İbrahimov, Fərid Əliyev, teatrın solistləri Mahir Tağızadə, Fəhmin Əhmədli, Nazim Mahmudov, Mirəli Sarızadə, Nəzər Bəylərov, Məhəmməd Şəmmədov və Cavidan İsayev çıxış ediblər.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamları SSRİ Xalq rəssamı Tahir Salahov (1928–2021) və Əməkdar mədəniyyət işçisi Tehran Babayev, quruluşçu baletmeysteri SSRİ Xalq artisti Qəmər Almaszadə (1915–2006), xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Tamaşanı dirijor Əməkdar artust Əyyub Quliyev idarə edib.
Milli opera sənətimizin ən möhtəşəm nümunələrindən biri hesab olunan “Koroğlu” operası tamaşaçılara qəhrəmanlıq, sevgi və mübarizə ruhunun harmoniyasını təqdim edib. Səhnədə bir araya gələn peşəkar yaradıcı heyət və tanınmış ifaçılar əsərin ideya-bədii gücünü yüksək sənətkarlıqla nümayiş etdiriblər.
Qeyd edək ki, "Opera Günləri” layihəsi ölkəmizdə opera sənətinin inkişafı və təbliği baxımından əhəmiyyət daşıyır. Həmçinin milli və dünya opera irsinin təbliği, ustad sənətkarların yad edilməsi, eləcə də yeni ifaçıların təqdim olunması baxımından önəmli layihələrdən biridir.
























