Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı möhtəşəm musiqi gecəsinə ev sahibliyi edib. Tanınmış balaban ifaçısı Məqsəd Əzizovun "Balabanın sehrində” adlı solo konserti sənətsevərlərə unudulmaz anlar yaşadıb.
Musiqi proqramı janr zənginliyi ilə diqqət çəkib. Gecədə flamenko ritmləri, klassik musiqi inciləri, dünya kinosundan yaddaqalan bəstələr və bənzərsiz Azərbaycan muğamı milli musiqi alətimiz balabanın ecazkar sədaları altında yenidən canlanıb.
Məqsəd Əzizovu müşayiət edən "Balabançı" ansamblının milli geyimli üzvləri mahir ifaları ilə gecəyə xüsusi rəng qatıblar.
Konsert proqramında Üzeyir Hacıbəyli, Qara Qarayev, Arif Məlikov kimi dahi bəstəkarlarımızın əsərləri, dünya musiqisindən seçmələr, xalq mahnı və milli rəqslərimiz təqdim olunub.
Solist və ansamblın, həmçinin rəqs qrupunun performansı sürəkli alqışlarla qarşılanıb.
Balaban, zurna və tütəkdə təqdim olunan rəngarəng proqram tamaşaçıları musiqi dünyasının zənginliklərinə səyahətə aparıb.
Musiqi gecəsini izləyənlər arasında tanınmış incəsənət xadimləri də yer alıb.
Qeyd edək ki, əslən Qərbi Azərbaycanın Göyçə mahalından olan, 1995-ci ildə Goranboyda doğulan Məqsəd Əzizov musiqi mədəniyyətimizin beynəlxalq arenada layiqincə təmsil edən istedadlı sənətçilərdəndir. Dünyaşöhrətli musiqiçi Sami Yusufun orkestr heyətində yer alan ifaçı sənət dünyasında özünəməxsus üslubu ilə seçilir. Təsadüfi deyil ki, Sami Yusuf öz rəsmi musiqi platformasında (whenpathsmeet.com) onu "Azərbaycan musiqisinin gənc səfiri" kimi təqdim edib.























