Tarixdəki olaylar

 

28 may 1918 – Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunub. Əhməd bəy Ağayevin sədrlik etdiyi (Milli Şura sədri M.Ə.Rəsulzadə Osmanlı heyəti ilə danışıqlarda idi) iclasda 26 deputatın yekdil səsi ilə “İstiqlal Bəyannaməsi” qəbul olunub. Fətəli xan Xoyskinin başçılığı ilə hökumət kabineti təsdiqlənib. Milli hökumət iyunun 16-dək Tiflisdə fəaliyyət göstərdi, sonra Gəncəyə, sentyabrın 17-də Bakıya köçdü.

  

28 may 2006 – Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql olunan Azərbaycan nefti Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına çatıb. Boru xəttinə neftin vurulması 2005-ci il mayın 25-də Səngəçal terminalında başlanmış, neft boru kəmərinin Gürcüstan hissəsinə 2005-ci il avqustun 10-da, Türkiyə hissəsinə 2005-ci il noyabrın 18-də daxil olmuşdu. Bakı-Tbilisi-Ceyhan kəmərinin təntənəli açılış mərasimi 13 iyul 2006-cı ildə keçirildi.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

28 may 1779 – İngilis şairi, mütəfəkkir Tomas Mur (Thomas Moore; 1779–1852) anadan olub.

 

28 may 1927 – Xalq artisti, kamança ifaçısı Habil Mustafa oğlu Əliyev (1927 – 8.9.2015) Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. “Qanun naminə”, “Dəli Kür” və s. filmlərdə musiqilər ifa edib.

 

28 may 1933 –Türk kinosunun ustadlarından aktyor Kayhan Yıldızoğlu (1933 – 9.3.2024) anadan olub.

 

28 may 1934 – Gürcüstanın Xalq artisti Liya Eliava (1934–1998) anadan olub. Azərbaycanda “Dəli Kür” (Şahnigar), “Tütək səsi” (Sayalı) filmlərinə çəkilib.

 

28 may 1936 – Əməkdar artist Aqşin Məmmədəli oğlu Vəlixanov (1936 – 21.7.1998) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. Kinoda, televiziya tamaşalarında çəkilib. 

 

28 may 1937 –  Fəlsəfə elmləri doktoru, publisist, kulturoloq Rəhman Ağahüseyn oğlu Bədəlov (1937 – 9.7.2025) anadan olub.

 

28 may 1987 – Əməkdar artist Məmməd Əhməd oğlu Sadıqov (2.5.1913 – 1987) vəfat edib. Akademik Dram Teatrının aktyoru olub, filmlərdə çəkilib.

 

28 may 2021 – Əməkdar artist, müğənni Zöhrə Abdulla qızı Abdullayeva (16.12.1952 – 2021) vəfat edib.

 

Hazırladı: Vüqar Orxan