Azərbaycanın mətbuat tarixində özünəməxsus yeri olmuş və bir qərinədən artıq milli mədəniyyət salnaməsini öz səhifələrində oxuculara təqdim etmiş “Mədəniyyət” qəzetinin ilk nömrəsi 2 yanvar 1991-ci il tarixində nəşr olunmuşdu.

Mədəniyyət Nazirliyinin təsis etdiyi nəşrin yaradıcısı və ilk baş redaktoru görkəmli şair, publisist Şahmar Əkbərzadə (1941–2000) olub.

Nazirliyin mətbu orqanı mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətini işıqlandırıb, bu sahədə görülən işləri ictimaiyyətə çatdırıb. Ölkəmizin mədəni həyatının müxtəlif sahələri – teatr, musiqi, kino, rəssamlıq, heykəltəraşlıq, xalq yaradıcılığı və tətbiqi sənətlər, eləcə də mədəni irs, tarix və ədəbiyyatımız, folklor, habelə muzey, kitabxana və digər mədəniyyət müəssisələrinin fəaliyyəti qəzetin səhifələrində əksini tapıb.

Bundan əlavə, Türk dünyasının mədəni irsi və sənət həyatı, dünya mədəniyyətinin diqqətçəkən olayları, Azərbaycanın beynəlxalq mədəni əlaqələri, milli mənəvi dəyərlər, ölkəmizin qonaqpərvərlik ənənələri və turizm, mədəniyyətlərarası dialoq, mədəni müxtəliflik kimi mövzular qəzetin gündəm mövzularını təşkil edib.

“Mədəniyyət” qəzetinin nəşri 2024-cü ilin sonunadək davam edib. Sonuncu – 2161-ci sayı 2024-cü il dekabrın 27-də işıq üzü görüb.

Qəzetin elektron versiyası 2008-ci ilin oktyabrında yaradılıb. 

2025-ci ildən redaksiya fəaliyyətini elektron formatda – medeniyyet.info.az saytı üzərindən davam etdirir. Sayt ölkəmizdə bu sahə ilə bağlı yeganə ixtisaslaşmış və ən zəngin elektron resursdur.

Bunu da oxuya bilərsiniz:

“Mədəniyyət” qəzeti (1991–2024)