Xəbər verdiyimiz kimi, Şəki Dövlət Dram Teatrında Yeni il bayramı münasibətilə uşaqlar üçün “İnəkgül və Şimşəkgülün Yeni il macərası” adlı nağıl-tamaşa hazırlanıb.
Teatrın və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə şəhid və qazi övladları, uşaq evində və internat tipli gimnaziyada tərbiyə alan, həmçinin sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi keçirilib.
Şənlikdə iştirak edən uşaqlar “İnəkgül və Şimşəkgülün Yeni il macərası” nağıl-tamaşasına maraqla baxıblar.
Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu və geyim üzrə rəssamı Dilşad Şirinova, xoreoqrafı Elvin Nuri, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Rəşad Rüstəmov, Fərahim Fətəliyev, Pərviz İsmayılov, İlkin Rüstəmov, Sənubər İsrafilova, Qurban Rəsulov, Nazilə İmamhüseynova, Elvin Mabudov, Nərmin Abbasova, Azad Məmmədov, Nuranə Mirzəliyeva, Gülxar İmamhüseynova, Arzuman Abdullazadə və Yaqub Lətifzadə ifa edirlər.
Şənlik uşaqlara sevinc və bayram əhvali-ruhiyyəsi bəxş edib.
Şəki teatrında “İnəkgül və Şimşəkgülün Yeni il macərası” tamaşasının seansları yanvarın 5-dək davam edəcək.
























