Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurasının növbəti iclası keçirilib.

İclasda mədəniyyət nazirinin müavini Səadət Yusifova Ekspert şurası tərəfindən həyata keçirilən işlərin nəticələri barədə məlumat verib. Qeyd edib ki, şuranın fəaliyyəti 2025-ci ildə konkret nəticələri ilə yadda qalıb. Bildirilib ki, bu günə qədər 500 abidə və yeni aşkar edilmiş abidə müzakirə edilib, qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasından rəy alınıb. Ümumilikdə isə ekspertiza aktı hazırlanan abidə və yeni aşkar edilmiş abidələrin sayı 2000-dən artıqdır. Toplanmış materiallar mərhələli şəkildə Ekspert şurasının iclaslarında müzakirəyə çıxarılır. Həyata keçirilən işlər nəticəsində 2025-ci ildə 51 yeni aşkar edilmiş abidə dövlət qeydiyyatına alınıb. Onlardan 7-si Bakı şəhəri, 44-ü isə işğaldan azad edilmiş ərazilərdə yerləşir. Vurğulanıb ki, mövcud siyahıda yer alan bəzi tarix-mədəniyyət abidələrinin məlumatlarına düzəlişlərin edilməsi və yeni aşkar edilmiş abidələrin dövlət qeydiyyatına alınması prosesi gələn il daha intensiv şəkildə həyata keçiriləcək.

Ekspert şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova müzakirəyə çıxarılan məsələlər haqqında məlumat verib. Bildirib ki, iclasda 66 tarixi və memarlıq əhəmiyyəti daşıyan obyektin dövlət mühafizəsinə götürülməsi barədə məsələ şura üzvlərinin müzakirəsinə təqdim olunub.

İclasda daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilməsi təklif olunan Nəsimi rayonu ərazisində yerləşən 48, Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşən 14 və vətəndaş müraciətləri əsasında qeydə alınmış 4 obyekt barədə şura üzvlərinin rəy və təklifləri dinlənilib. Həmin tarixi və memarlıq əhəmiyyəti daşıyan obyektlərin dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlərin görülməsi barədə qərarlar qəbul edilib.