Türkiyənin “TRT Türkü” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramının builki son buraxılışı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub.

Verilişdə Azərbaycanın dahi bəstəkarı, bu il 140 illiyi dövlət səviyyəsində qeyd olunan Üzeyir Hacıbəylinin əsərləri, eləcə də istiqlal şairi Əhməd Cavadın və digər şairlərimizin şeirləri səsləndirilib.

Proqramda soydaşlarımızın birlik və bərabərliyini, eyni zamanda Azərbaycan-Türkiyə qardaşlığını əks etdirən musiqilər Azərbaycanın tanınmış ifaçıları tərəfindən təqdim olunub. Bununla yanaşı, verilişdə tarixi hadisələr xatırladılıb, xalqımızın yaddaşında dərin iz qoymuş unudulmaz xatirələr vurğulanıb.

Verilişin müəllifi və aparıcısı, soydaşımız, İstanbul Universitetinin doktorantı Səidə Ömər bildirib ki, “Azərbaycan rüzgarı” layihəsi Türkiyədə geniş dinləyici auditoriyasının rəğbətini qazanıb. Bu maraq nəzərə alınaraq proqramın yayımının 2026-cı ildə də davam etdirilməsi nəzərdə tutulur.