Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının estrada-simfonik orkestri “Yurdumun sədası” adlı konsert proqramı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində çıxış edib.
Dekabrın 27-də təşkil olunan konsertdə Azərbaycan musiqi mədəniyyətinin zəngin irsini əks etdirən klassik və estrada əsərləri səsləndirilib. Konsertdə teatrın solistləri Aynur İsgəndərli, İlhamə Qasımova, Mədinə Kazımova, Fəxri Kazım-Nicat, Taleh Yahyayev və Rövşən Qəhrəmanov çıxış ediblər. Orkestri dirijor Ellada Məmmədova idarə edib.
Konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə nazirliyin nəzdində fəaliyyət göstərən bədii kollektivlərin ölkənin müxtəlif bölgələrinə ilk genişmiqyaslı qastrol səfərləri çərçivəsində keçirilib.
Qastrol səfərlərinin əsas məqsədi milli musiqi dəyərlərinin qorunması və bölgə tamaşaçılarına yüksək səviyyəli musiqi nümunələrinin təqdim olunmasıdır.
























